Mükafat alanların çoxu Qardabanili gənclərdir

17 may tarixində, Qardabani rayonunun ictimai məktəbində 2017-2018-ci tədris ilinin məzunları Təhsil Nazirliyi tərəfindən qızıl, gümüş medallar və tərifnamələrlə təltif olunublar.



Təhsil Nazirliyinin qərarına əsasən 9-u azərbaycanlı olmaqla 28 nəfər mükafatlandırılıb. Qardabani Resurs Mərkəzində baş tutan tədbir zamanı ictimai məktəbi uğurla başa vuran məzunları müəllimlər və eləcə də rayonun icra başçısı Ramaz Budaqaşvili təbrik edərək öz təəssüratlarını bölüşüblər.

Müəllim və valideynlərə təşəkkür edən icra başçısı bu uğurların ildən-ilə artmasını arzu edib.

Nicat İsmayılov 2017-2018-ci tədris ilində məktəbi bitirən və gümüş medala layiq görülən 2 nəfər məzundan biridir. O, hal-hazırda Gürcüstanın İlya Dövlət Universitetinin 1+4 proqramı üzrə təhsil alır. Nicat İsmayılov aldığı mükafatla bağlı öz təəssüratlarını bizimlə bölüşdü. Onun sözlərinə görə, mükafatın böyüyü-kiçiyi yoxdur. O, oxuduğu illər ərzində mükafat gözləmədən təhsil alıb və tək məqsədi valideynlərinin ümidini doğrultmaq olub.

“Mükafatın böyüyü-kiçiyi yoxdur, nə də ki, mükafat üçün oxumurdum, özüm üçün oxuyurdum. Mənim üçün ən böyük mükafat ailəmin mənə olan ümidlərini doğrultmaq, ideyalarımı gerçəkləşdirmək, hədəflərimi çatıb, millətimi layiqincə təmsil etməkdir. Hesab edirəm ki, insanın əməyi adicə bir konfetlə belə qarşılanarsa, bu onun əməyinə olan diqqət hörmət olar və onun gördüyü işində daha da həvəslənməsinə, yeni nailiyyətlər qazanmsına müsbət təsir göstərər” - deyə N.İsmayılov bildirdi

Qeyd edək ki, Təhsil Nazirliyinin qərarına əsasən ictimai məktəbin 10-cu sinfindən 12-ci sinfinə qədər 3 il müddətində şagirdlərin bütün fənlərdən illik qiyməti 10 baldırsa, ona qızıl medal düşür. İllik qiyməti 9 balla hesablanan şagirdlər isə gümüş medal qazanırlar. Beləliklə məktəbdən məzun olduqdan sonra qızıl və gümüş medallar nazirlik tərəfindən Resurs mərkəzlərə göndərilir.

Məzunlardan 15 nəfəri Marneulidəndir, onlardan 8 nəfər qızıl və 7 nəfər gümüş medal qazanıb. 





"Marneuli" Radiosu

Print
თეგები: Marneulifm Marneuli