Meriya məktəb liqasında qalib gəlmiş 6 saylı ictimai məktəb üçün idman avadanlıqları alacaq

Marneuli meriyası məktəb liqasında qalib gəlmiş 6 saylı ictimai məktəb şagirdləri üçün idman geyimləri alacaq.

Məşqçi isə 1000 lari vəsaitlə mükafatlandırılacaq. Qeyd olunan məlumat, Bələdiyyə Məclisinin bu gün, 29 iyun tarixində baş tutan növbədənkənar iclasında məlum olub.

 


Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirib ki, turnir mini futbol üzrə ictimai məktəblər arasında keçirilib və Kvemo Kartli miqyasında Marneuli 6 saylı ictimai məktəbinin komandası qələbə qazanıb.

“Məktəblər arasında futbol üzrə liqa keçirildi. Liqada Marneuli 6 saylı ictimai məktəbinin şagirdləri iştirak edirdilər, onlar uğur qazanıblar və çempion olublar. Mən bu qələbə münasibəti ilə sizi təbrik edirəm. Tədbir təşkilatçılarına, Kvemo Kartli Administrasiyasına minnətdarlığımı bildirirəm. Biz Marneuli meri ilə birlikə qərar verdik ki, gənclər üçün vəsait ayrılsın, idman geyimləri alaq. Turnirdə qalib gələnlər görüşləri davam etdirirlər, Tbilisidə növbəti yarış keçiriləcək və istəyirik ki, onlar tam təmin edilsinlər”, – Amiran Qiorqadze bildirdi.

Marneuli meriyasının məlumatına görə, “İdman dünyanı dəyişəndə” kampaniyası çərçivəsində Kvemo Kartli dövlət qubernatoru, Gürcüstan Futbol Federasiyası, Qardabani meriyasının dəstəyi, İdman İdarəetmə Metodologiyası və Texnologiyaları Assosiasiyasının təşkilatçılığı ilə, gənclər arasında sağlam həyat tərzinin tətbiqi, onların həvəsləndirilməsi məqsədi ilə “Kvemo Kartli Məktəblər Liqası 2023” keçirilib. Liqada müxtəlif bələdiyyələrdən 20 məktəb iştirak edib.

Bələdiyyə Məclisinin 29 iyun tarixində baş tutan iclasında ümumilikdə 4 məsələ müzakirə olunub. Deputatlar onların hamısı ilə bağlı müsbət qərar qəbul ediblər.

 

 

Print Email
FaceBook Twitter Google