Yağış qorxusu ilə həyat – meriya Yağlıca sakinlərini xarab olmuş evlərə qaytarıb (FOTO)
10 gündür ki, Marneulidə təbii fəlakət zamanı zərərçəkmiş Yağlıca 70 ünvanıında yaşayan 11 ailəni mehmanxanadan evlərinə qaytarıb.

Sıradan çıxmış texnika, döşəmələr, divarlar, mebel – insanların yaşayış evləri bu vəziyyətdədir. Onlar bu günə qədər təbii fəlakət qorxusu ilə yaşayırlar. Marneuli meriyası 19 iyun tarixində güclü yağış nəticəsində evlərə su dolduqdan sonra 35 nəfəri mehmanxanaya yerləşdirib.

Yağlıca sakinləri 12 gün ərzində “Qafqaz” mehamnxanasında qalıb. Meriya mehmanxana xidmətini birbaşa qaydada alıb və ümumilikdə, büdcədən 29 400 lari xərcləyib. Bu vəsait yerli sakinlər üçün 12 gecə təhlükəsiz mühitdə qalmağa əsas idi. Ancaq onlaın yaşam tərzini yaxşılaşdırmaq üçün indiyə qədər heç nə dəyişməyib. Yağlıca küçəsininin sakinləri bildirirlər ki, evləri hələ də qurumayıb, nəm içində və elementar şərait olmadan yaşamağa davam edirlər.

"Yağış yağanda sel evlərə doldu. Soyuducu, paltar yuyan yandı. Heç kim gəlib bizə baxmır. Hökumət sadəcə seldən sonra aparıb otelə yerləşdirdi. Başqa heç nə etmədi. Dedilər gəlib baxacağıq, baxan olmadı. Quyu var. İçi su ilə doludur, qoxusu yuxarı verir. Nəmişlik yaradır. Bizə ziyandır. Bir gün bura uçacaq. Meriya ora yığılıb, gəlib baxmırlar. Demişik ekskavatorla buranı təmizləyin, gəlib baxan yoxdur", – Ceyhun Qarabayramov.

"Seldən sonra bizi otelə yerləşdirdilər. Söz verdilər ki, palazınız yuyacağıq, yumadılar. Söz verildi ki, soyuducunuz düzələcək, düzəlmədi. Evimizin seli, suyu qurumur. Vəziyyətimiz çox ağırdır. Bina uçur. Baxan yoxdur. Sağ olsunlar, elədilər. İmkanları nəyə çatdı, onu etdilər. Arada zəng edirlər. Bizim buranın qeydiyyatı yoxdur deyə bizi bir yana yerləşdirə bilmirlər. Biz burada qeydiyyatsız yaşayırıq. Çətinliyimiz odur ki, evimizin içindəki su qurumur. Nəmli yerdə yatırıq, özüm də xəstəyəm. Hər il belədir. Sel gəlib evə dolur", – Yaxşı Əliyeva.

"Çox pis vəziyyətdə yaşayırıq. Hər yağış yağanda qorxuya düşürük. Neçə dəfə dedik ki, oranı qazın, qazmayıblar. Aldatdılar ki, gəlib qazacağıq. Amma gəlib qazmadılar. Heç kim maraqlanmır. Bizə heç kim heç nə etmir. Gəlib baxıblar, hər şey edəcəyik – dedilər, etməyiblər. Nə qədər əşyamız xarab oldu. Qırılıb, tullanqı oldu", – Elvin Göycəyev.

"Evimizi sel basanda gəldilər. Bizi yığıb apardılar ki, bu gecəlik oteldə qalın. Biz sizi otel ilə təmin edəcəyik. Baxdılar ki, ev pis vəziyyətdədir. Bizə həmin vaxt söz verdilər ki, evləriniz təmir olacaq. Amma sonra meriyaya getdik. Dedilər ki, biz heç nə edə bilmirik. Əlimizdən bir şey gəlmir. Bura sizin adınıza qeydiyyat olunmayıb deyə, heç nə edə bilmirik. Əgər heç nə edə bilmirlərsə, bu qədər adam suyun altındamı qalmalıdır. Girib yatılası vəziyyətdə deyil. Alt evlər heç yaramır, üstdə də yaşanılası deyil. Alt evlərin hamısı ortasına kimi sudur. Döşəmə beton olduğuna görə, heç orada yatmaq olmur. Binada təxminən 20-25 ailə var. Bunun ətrafı da var. Ətrafını yığsan, 35-40 ailə edir. Bura bir gün ağlayan yoxdur. Suyumuz, kanalizasiyamız, yolumuz yoxdur. Uşağımız məktəbə getmir. Mənim uşaqlarım yarı-yarımçıq təhsil alıblar. 4-cü 5-ci sinifdən çıxarmışam. Taksi uşaqları məktəbə aparıb gətirməyə 200-250 lari pul istəyir. Yola baxan yoxdur. Zibili çəkdilər burda qoydular. Gəlib götürən olmadı. İçməli suyumuz elevatordan gəlir. Nə yaxşı ki, elevator var. Onların hesabına 20 ildir ki, biz su içirik", – Naidə Qaraxanova.

"Evlərin içini eşib, ora töküblər. Keçməyə yer yoxdur. Biz xeyir iş edəcəyik. Harada edək, yer yoxdur. Çadır qurasıyıq, yer yoxdur. Bizə baxan yoxdur, suyumuz yoxdur. Bazara getməyə maşın yoxdur. İmkanımız yoxdur ki, taksiyə 5 lari verək gedək. 5 lari də verək, geri gələk. Gedib gəlmək 10 laridir. Nə edək. Elə adam var ki, heç imkanı yoxdur. Dolana bilmir. Dolanışığımız dəmir yığıb satmaqla olur. İndi dəmir də yoxdur. Torpağı eşib yerdən tapıb, onu satıb uşaqları onunla saxlayırıq. Daha o da yoxdur. Mal-qaranı harada saxlayaq, yer yoxdur. Dolana bilmirik. Bizə baxan yoxdur", – Lütfü Qarabayramova.

Marneuli merinin Marneuli şəhərində nümayəndəsi Elçin Cəfərlinin sözlərinə görə, Yağlıca küçə sakinlərinin evlərinin təmiri indiki mərhələdə planlaşdırılmır. Çünki yaşayış ərazisi bələdiyyənin balansında deyil.

Marneuli meriyası Yağlıca küçəsinin sakinlərinə yardım edəcəkmi və bunu hansı formada edəcək, yerli özünüidarə bu suallara cavab vermək üçün rəsmi müraciət etməyimizi istəyir. Cavabları müəyyən edənə qədər isə bir reallıq var – Yağlıca küçəsinin sakinləri üçün hər yağan yağış onların yaşayış evlərini müvəqqəti tərk etməyin ilkin şərtidir.

Print Email
FaceBook Twitter Google