“NATO” haqqında təbliğatın etnik azlıqlara təsiri
“Bilmirəm” – Gürcüstanın NATO və Avropa İttifaqına üzv olması üçün Gürcüstan hökumətinin bəyan etdiyi məqsəd sizin üçün məqbuldur, ya yox sualına etnik azlıq nümayəndələrinin əsasən cavabı budur.

NDI-ın 2022-ci ildə həyata keçirdiyi sorğuya əsasən, Gürcüstan əhalisinin NATO və Avropa İttifaqına dəstəyi yüksəkdir. Əhalinin 73% Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləyir, 14% üçün Gürcüstanın NATO-ya üzv olması qəbuledilməzdir, 11% isə bilmir. Etnik azlıqların məskunlaşdığı regionlarda statistik göstəricilər milli göstəricilərdən fərqlənir. Etnik azlıqların məskunlaşdığı regionlarda əhalinin 47% Gürcüstanın NATO-ya üzv olmaqla bağlı məqsədini dəstəkləyib-dəstəkləməməsi ilə bağlı fikri yoxdur. 32% NATO-ya üzv olmağın tərəfdarıdır, 21% isə dəstəkləmir.

Qeyd edək ki, araşdırmalara əsasən, etnik azlıqların iştirak etdiyi sorğularda Avropa İttifaqı ilə bağlı fikirlərin qismən dəyişdiyi görünür. Şimalı Atlantika, yəni NATO haqqında eynisini deyə bilmərik.

Əhalinin “NATO”-nun nə olduğu, bu hərbi-siyasi birliyin Gürcüstana hansı faydaları verə biləcəyi haqqında məlumatı yoxdur. Bizim sorğu apardığımız Marneuli sakinlərinin əksəriyyəti bildirir ki, NATO haqqında məsələlər onlara maraqlı deyil.

“NATO-nun nə olduğunu bilmirəm, dövlətin və siyasətin işidir. Siyasətdir, biz bu işə qarışmırıq”, – Marneulili kişi bildirir.
“Nə bilim, NATO-dan çox Rusiya və Avropanı dəstəkləyirəm”, – Marneulili kişi bildirir.

Vətəndaşlar bizimlə söhbətləri zamanı dünyada ən güclü hərbi-siyasi birliyə üzv olan ölkələri xatırlamaqda da çətinlik çəkirlər. Marneulili kişilərdən birinin bizimlə baş tutan dialoqu:

  • - Biz NATO-dan hansı faydanı əldə edə bilərik?
  • - Bu siyasətdir, bizə nə?
  • - Hansı qonşu ölkə NATO-nun üzvüdür?
  • - Hansı ölkə? Türkiyə! Türkiyənin NATO-ya üzv olması azərbaycanlılar üçün yaxşıdır. Türkiyə hamıya kömək edir”.

Bizim apardığımız sorğuda daha bir Marneulili kişi deyir ki, NATO özü münaqişələr yaratmağa çalışır.

“Bu NATO insanların həyatını qarışdırır. Hamını bir-biri ilə dalaşdırır. Bu müharibə nəyə lazımdır? Bir-birini əsəbiləşdirmək nəyə lazım?
- NATO-nun üzvlərinin kim olduğunu bilirsinizmi?
- Bildiyimə görə, Gürcüstan üzv deyil, Ermənistanı qəbul etmədilər, Azərbaycan da daxil olmayıb. Daha kim qaldı? Rusiya heç vaxt NATO-nun üzvü olmayacaq.
- Türkiyə NATO-nun üzvüdür, sizin fikrinizcə, bu bizim üçün təhlükədir?
- Türkiyədən bizi heç bir təhlükə gözləmir – heç vaxt”.

Sorğuda iştirak edənlərin əksəriyyəti NATO haqqında danışan zaman müxtəlif yanlış məlumatlar yayırlar və görünür ki, bəzi hallarda təbliğat maşınları onların fikirlərinə təsir göstərib.

“NATO xalqı bir-biri ilə dalaşdırır”, – bu Marneulili kişinin bizimlə söhbəti zamanı dediyi yanlış məlumatlardan biridir.
“Gürcüstan NATO-ya daxil olmaqla işğal edilmiş ərazilərini itirəcək”.
“Ölkə NATO-nun üzvü olarsa, Gürcüstanda müharibə başlayacaq”.
“NATO Gürcüstanda münaqişə qapıları yaradır”,
– Birləşmiş Krallığın Gürcüstandakı səfiri Mark Kleyton bu və başqa yanlış məlumatlar haqqında “Marneuli” radiosuna danışıb.


NATO Hərbi-Siyasi Alyansı 1949-cu ildə yaradılıb. Alyansı ilk əvvəl 12 ölkə yaradıb, indiki mərhələdə isə NATO-ya 31 üzv ölkə var. Üzv dövlətlər 2008-ci ildə Gürcüstanın nə vaxtsa NATO-nun üzvü olacağı ilə razılaşıblar. Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləyən dövlətlərdən biri Birləşmiş Krallıqdır.

Böyük Britaniyanın Gürcüstandakı səfiri NATO-nun vasitəçi səfiridir. NATO-nun Gürcüstandakı Əlaqələr ofisi və vasitəçi səfirləri Gürcüstanın NATO standartlarına çatmasına, hərbi-siyasi təşkilatlara üzv olmasına kömək edirlər.



Etnik azlıq nümayəndələrinin suala “bilmirəm” cavabı verməsinin səbəblərindən biri də məlumatsızlıqdır. NATO nədir, bu birliyə üzv olmaq bizə hansı faydaları verə bilər kimi məsələlərlə bağlı azərbaycan və erməni dillərində kifayət qədər məlumat yayımlanmır. Məlumatın olmaması isə yerli əhalinin müxtəlif yanlış məlumatlara qarşı daha da həssas olmasına səbəb olur.

NDI-ın 2022-ci ildə apardığı araşdırmaya görə, azlıqların icmasında internet çox az əlçatandır. Bu gün məlumatın yayımlanmasında ən zəngin resurs internetdir. İnternet 63% üçün həftədə bir dəfə, 21% üçün isə heç vaxt əlçatan deyil. Eləcə də bu araşdırmaya əsasən, azlıqların icmasında orta yaşdan yuxarı əhali daha çox rus dilini bilir, ingilis dilini az bilirlər. Qonşu ölkənin televiziyalarına baxırlar və onlar üçün rusdilli resurslar daha əlçatandır.

NATO demokratiya və insan hüquqlarının səviyyəsi aşağı olan ölkələrlə heç vaxt əməkdaşlıq etməyəcək. Ona görə də NATO yalnız silah deyil. Şimali Atlantika Alyansı Gürcüstanla islahatlar üçün əməkdaşlıq edir. Həmin islahatlar ölkəni daha da demokratik edəcək.
Print Email
FaceBook Twitter Google