Marneuliyə daxil olan kimi ilk olaraq bəzən işləyən, bəzən isə
dayanmış saatlı fəvvarə ilə qarşılaşırsan.
Tbilisidən Bolnisi, Ermənistan, Azərbaycan və ya Marneulinin
kəndlərinə gedən hər kəs məhz bu fəvvarə ətrafına dolanmalı olur.
Fəvvarənin ətrafında yanacaqdoldurma məntəqələri, ticarət
obyektləri, polis idarəsi, ədliyyə evi və Marneulinin mədəni
mərkəzlərindən biri “Çay Evi” var.
Gün ərzində buradan çox sayda insan
keçir. Bir həftədir ki, ədliyyə
evi və ya ticarət mərkəzinin qarşısından keçən insanlar burunlarını
tutaraq addımlarını sürətləndirməyə məcburdurlar. Buna səbəb isə
meydandan keçən kanalizasiya xəttidir.
Marneuli meriyasından bildirdilər ki, kanalizasiya borusunun
sıradan çıxdığı ərazi “Spar” ticarət mərkəzinə aiddir. Onlar artıq
müvafiq xidməti çağırıblar və kanalizasiyanın bərpasına sabahdan –
28 iyul saat 11:00-dan başlanacaq.