Marneulili seçicilərlə prezidentliyə 25 namizəddən yalnız 3 işləyir
Prezident seçkilərinə 20 gün qalır. Marneulidə hələ cəmi iki
prezidentlik namizədi gəlib.
“Avropalı Gürcüstan-Azadlıq üçün hərəkat”-ın prezidentliyə namizədi
David Bakradze Marneulili seçicilərlə 11 sentyabrda görüşüb.
Partiyanın Marneuli rayon təşkilatının rəhbəri Əhməd İmamquliyev
bizimlə söhbəti zamanı dedi ki, Bakradze seçki qabağı dövrdə
Marneulidə yenə qonaq olacaq, ona qədər isə seçicilərlə bütün
məntəqələrdə görüşləri davam etdirəcəklər.
ong>“Nə qədər bacarsaq o qədər də məntəqələrə gedəcəyik.
Ümumiyyətlə bizim planımız belədir ki, bütün seçicilərə qədər gedib
çıxmalıyıq” – dedi Əhməd İmamquliyev.
Birləşmiş müxalifətin prezidentlik namizədi Qriqol Vaşadze
Marneulilərlə iki dəfə görüş keçirib. Birləşmiş müxalifətin
Marneuli qərargahının rəhbəri Aqil Mustafayevin sözlərinə görə,
seçki qabağı görüşlər artıq 25-ə yaxın kənddə keçirilib.
“Bizim seçkiqabağı görüşlərimiz normal qaydada gedir.
Qapı-qapı prinsipi ilə də görüş keçiririk. Hər gün demək olar ki,
seçicilərlə ünsiyyət olur” – dedi Aqil
Mustafayev.
Salome Zurabaşvili prezident seçkilərində müstəqil namizəd olaraq
iştirak edir. Amma “Gürcü arzusu” partiyası onu dəstəklədiyini
bildirib. Zurabaşvilinin PR xidmətinin nümayəndələrinin dediyinə
görə, namizəd Marneuliyə 10 oktyabrda gəlməyi planlaşdırır. Salome
Zurabaşvilinin seçki qərargahının rəhbəri Kaxa Samxaradze gedən
seçki qabağı təbliğat prosesi haqqında danışdı.
“Nəinki Marneulidə bütün Gürücstanda seçicilərlə
görüşlər keçirilir. Bütün bələdiyyələrə gedirik. Sakit şəkildə
seçkiqabağı təbliğat aparılır” – dedi Kaxa
Samxaradze.
Zurabaşvilidən fərqli olaraq Şalva Natelaşvili Marneuliyə səfər
planlaşdırmır. Natelaşvili dünən, 7 oktyabrda etnik azlıqların
məskunlaşdığı regionun nümayəndələri ilə baş tutan görüşdə qeyd
edib ki, Samtsxe-Cavaxetiya və Kvemo Kartlidə yaşayan etnik
azlıqların nümayəndələri bütün seçkilərdə qeydlər qonşu ölkələrdən
Ermənistandan və Azərbaycandan gözləyirlər və bu regionlarda seçki
qabağı təbliğatın mənası yoxdur.
Prezidentliyə namizədlər kimi 28 oktyabrda baş tutacaq seçkilərə
seçicilər də hazırlaşır. Bizimlə söhbət zamanı əhali bildirdi ki,
seçkilərə gedirlər, amma bəziləri hələ də seçimini etməyib.
Gürcüstan prezident seçkilərində 2018-ci ilin 28 oktyabrında 25
namizəd mübarizə aparacaq. Gürcüstan vətəndaşları bu il prezidenti
sonuncu dəfə seçirlər.