Gürcüstan hökuməti əhalini məlumatlandırmır və ona görə də qeyri-müəyyən vəziyyətdəyik – Bolnisi sakini Mariko Tsikoridze

Gürcüstan hökuməti Marneuli və Bolnisi bələdiyyələrində sərt karantin rejiminin elan edilməsi ilə bağlı 23 mart 2020-ci il tarixli 180 saylı sərəncamına dəyişiklik edib.



Sərəncamda yalnız başlıqda dəyişiklik edilib. Sərəncamın əvvəlki başlığı belə idi – “yeni koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Marneuli və Bolnisi bələdiyyələrində tətbiq olunacaq karantin tədbirləri haqqında”. İndi isə sərəncamın başlığı belədir –
“yeni koronavisurun yayılmasının qarşısının alınması məqsədi ilə Bolnisi bələdiyyəsində tətbiq olunacaq karantin tədbirləri haqqında”.

Sərəncama dəyişiklik edilməsinin səbəblərindən biri 18 may tarixindən Marneuli bələdiyyəsinin açılmasıdır. Bazar ertəsindən Marneulililər adi rejimdə Gürcüstan miqyasında hərəkət edə biləcəklər. Bolnisi isə yenə bağlı olacaq, çünki koronavirusun yayılması bələdiyyədə hələ də davam edir.

Gürcüstan hökumətinin sərəncama dəyişiklik etməsi Bolnisililərin bir qismində sual yaradıb. Xüsusən sərəncamın Bolnisidə maşınla hərəkət etməyin qadağan olunması hissəsi suala səbəb olub.

Bolnisi sakini Mariko Tsikoridze “Marneuli” radiosu ilə söhbətində qeyd edir ki, Bolnisi sakinlərinin bir qismi bələdiyyədə yeni məhdudiyyətlərin tətbiq olunduğunu düşünüb.

“Bolnisililərin bir qismi düşündü ki, söhbət yeni məhdudiyyətlərdən gedir. Bu sərəncam dünən yeni yayımlanıb və ondan sonra çox sayda adam paylaşım edir və düşünürlər ki, bu yeni qadağalardır. Bu sərəncamın mətnində köhnə olması və sadəcə başlıqda dəyişiklik edilməsi barədə açıqlama yoxdur”, – Mariko Tsikoridze bildirib.

Tsikoridzenin bildirdiyinə görə, Gürcüstan hakimiyyəti əhaliyə söhbətin hansı növ məhdudiyyətlərdən getdiyi barədə açıqlama verməli idi və eyni zamanda sərəncamın məzmunu azərbaycan və erməni dillərində də yayımlanmalı idi. Çünki Bolnisi bələdiyyəsi etnik azlıqların məskunlaşdığı yerdir.

“Hökumətin bu dəyişikliklə bağlı açıqlaması olmadı və bu da ictimaiyyətdə təşviş yaratdı. Vətəndaşların və ya biznes sektorunun çox sayda problemi var. Layihələr alınmır, işlər baş tutmur. Elə hiss yaranır ki, sanki bu heç vaxt bitməyəcək. Düşünürəm ki, Gürcüstan hökumətinin vətəndaşlar qanuna tabe olmayanda daha çox xoşuna gəlir, sonra başqa çalışma üslubuna keçirlər. Bütün Bolnisi ayağa qalxıb Marneulidəki kimi səs-küy salsa, yəqin hökumət sonra hansısa tədbir görəcək”, – Mariko Tsikoridze deyir.

Gürcüstan hökuməti Marneuli və Bolnisinin bağlanmasına və sərt karantin rejiminə keçməsinə Marneulili qadında virus aşkarlandıqdan sonra qərar verdi. Bələdiyyələr 22 mart tarixindən bağlanıb.

Marneuli bələdiyyəsinin açılması ilə bağlı qərarı Gürcüstan hökuməti bələdiyyədə aparılan geniş miqyaslı testlərin cavabının mənfi olmasından sonra verib.

 

 

Print Email
FaceBook Twitter Google