Beynəlxalq xəbər agentliyi Reuters yazıb ki, Ukrayna Aİ-yə üzvlüklə
bağlı Avropa Komissiyasından müsbət tövsiyə alıb.
Məlumatı Reuters agentliyinə mənbələr verib.
Avropa İttifaqına qoşulmağa müsbət cavab korrupsiyaya qarşı
mübarizə və azlıqların hüquqları ilə bağlı müəyyən şərtlərlə
müşayiət oluna bilər. Bu məsələni Macarıstan qaldırıb.
Noyabrın 8-də Avropa Komissiyasının illik hesabatı dərc olunacaq,
yekun qərar isə dekabrın 14-15-də keçiriləcək sammitdə
açıqlanacaq.
Moldovanın da analoji müsbət qiymət alacağı gözlənilir.
Ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı qərarı Avropa
Komissiyasının tövsiyəsindən sonra Avropa Şurası qəbul edir.
Gürcüstana gəlincə, Avropa Komissiyası bu ölkəyə Avropa İttifaqına
namizəd statusunun verilməsi ilə bağlı hələ qərar verməyib.
23 iyun 2022-ci ildə Avropa Şurası Ukrayna və Moldovaya namizəd
statusu vermişdi və onun Gürcüstanla bağlı “Avropa perspektivini”
tanımışdı. Avropa Komissiyası Gürcüstana namizəd statusu almaq üçün
12 bəndlik tapşırıq verib.
Sentyabrın 15-də Gürcüstanda fəaliyyət göstərən ictimai
təşkilatların qiymətləndirməsinə görə: Avropa Komissiyasının 12
tövsiyəsindən bir şərt tam yerinə yetirilib, iki şərt əsasən yerinə
yetirilib; Yeddi şərt qismən yerinə yetirilib və Aİ-nin iki şərti
(deoliqarxizasiya və depolarizasiya) hələ də yerinə
yetirilməlidir.