Almaniya Bundesliqasında “Union Berlin” və “Bayern Münhen”
komandaları arasında baş tutan matçda qalmaqal yaşanıb.
“Union Berlin”in baş məşqçisi Nenad Bjelika rəqib komandanın
futbolçusu Leroy Saneyə yumruq vurub.
Nenad Bjelika komandasının səfərdə “Bayern Münhen”ə 1:0 hesabı ilə
uduzduğu matçın 74-cü dəqiqəsində topu əlinə alıb. “Bayern
Münhen”in alman futbolçusu Leroy Sane topu Bjelikanın əlindən almaq
istəyib, lakin bu zaman Bjelika Sanenin üzünə zərbə endirib.
Bjelika
bu hərəkətinə görə qırmızı vərəqə ilə, Sane isə sarı vərəqə
ilə cəzalandırılıblar.
Hər iki komandanın oyunçuları arasında dava düşüb. 52 yaşlı baş
məşqçi sakitləşməyib və tribunalara qalxaraq öz mövqeyini müdafiə
etməyə çalışıb. Onun, həmçinin “Bayern Münhen”in azarkeşinə də
hücum etdiyi bildirilib.
Matçdan sonra danışan Bjelika meydandan qovulmasını anlayışla
qarşıladığını və davranışının qəbuledilməz olduğunu deyib, lakin
Sanedən üzr istəməkdən imtina edib.
“O məni itələdi, mən də təbii ki, reaksiya
verdim”, - deyə baş məşqçi qeyd edib.
O, yalnız öz komandasından üzr istəyəcəyini vurğulayıb.
“Bayern Münhen” baş məşqçisi Tomas Tuxel isə baş verənlərin yaxşı
hal olmadığını bildirib.
“Onun müdafiəsinə nəsə demək çətindir. Amma bu barədə
heç nə demək istəmirəm. Məsələni qızışdırmaq lazım
deyil”, - deyə Tomas Tuxel qeyd edib.
Mənbə: oxu.az