“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına
yüksəlib.
Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində
Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.
Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov
adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə
uduzsa da, mərhələni adlamağı bacarıb.
Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ”
meydançada azlıqda qalıb.
Müdafiəçi
Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən
istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer
Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb. “Braqa” 83-cü
dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.
Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar.
Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.
102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda
önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq
yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə
çatdırıb.
Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti
mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək
şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub
olsa da, ümumi hesabda 6:5 qalib gəlib.
Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8
finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də
və 14-də keçiriləcək.
Mənbə: oxu.az