Bakı-Supsa kəməri ilə ötən il 3,75 mln. ton neft nəql edilib
Bakı-Supsa neft kəməri ilə (Qərb İxrac boru
kəməri) 2018-ci ildə 3 751,3 min ton xam neft ixrac
edilib.
"Marneuli" Radiosu “Report”a istinadən xəbər verir ki, bu barədə
Azərbaycan Energetika Nazirliyinin 2018-ci il üzrə fəaliyyətə dair
hesabatında qeyd olunub.
Bu həcm isə 2017-ci ildən 36,6 min ton və ya 0,97% azdır.
Qeyd edək ki, Qərb İxrac Boru Kəməri Xəzərdəki neft yataqlarından
xam nefti Qara dəniz sahilinə nəql edir və xam neft orada
tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına
yola salınır.
Bu kəmər Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq
Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan
sahilindəki Supsa terminalına qədər uzanır.
Bu boru kəmərinin uzunluğu 829 kilometrdir.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin
sahibidir və Azəri-Çıraq-Dərinsulu Günəşlı (AÇG) Hasilatın Pay
Bölgüsü Sazişinin tərəfdaşları adından onu istismar edir.
Kəmərin tikintisi Azərbaycan ilə Gürcüstan arasında 1996-cı ilin
aprel ayında bağlanmış Hökumətlərarası Sazişin ratifikasiyasından
sonra başlanıb və 1998-ci ilin noyabr ayında başa çatıb. Kəmər
1999-cu ilin fevralından istismardadır, Supsa terminalının açılışı
isə həmin ilin 17 aprel tarixində həyata keçirilib.