Gürcüstanın Geosky aviaşirkətinin sərnişin marşrutu olan Georgian
Wings mayın 7-dən Tbilisi-Praqa-Tbilisi istiqamətində birbaşa
müntəzəm reyslərə başlayır.
Aviaşirkətdən verilən məlumata görə, Georgian Wings Tbilisi
Beynəlxalq Hava Limanından Praqa Beynəlxalq Hava Limanına həftədə
iki dəfə, hər çərşənbə axşamı və şənbə günləri uçuşlar həyata
keçirəcək. Aviaşirkət müştərilərə 148 sərnişin üçün nəzərdə
tutulmuş Boeing 737 təyyarəsi ilə xidmət göstərəcək.
“Sözügedən qərar Çexiya və Gürcüstan arasında həm
işgüzar əlaqələrin dərinləşməsi, həm də ikitərəfli turist axınının
artırılması baxımından çox vacibdir. Yeni marşrut təkcə işgüzar
əməkdaşlıq imkanlarını genişləndirmir, həm də gürcü və çexiyalı
səyahətçilər üçün Gürcüstan və Çexiyanın zəngin mədəni irsini kəşf
etmək, paytaxtlarla tanış olmaq və araşdırmaq üçün geniş imkanlar
açır”, - aviaşirkətin prezidenti Şalva Kiknadze
bildirib.
Məlumat üçün bildirək ki, hazırda aviaşirkətin Bakı və Kişinyova
birbaşa reysləri var.