Hakim “Gürcü arzusu” partiyası Tbilisidə “Agent qanunu”na dəstək
aksiyası keçirməyi planlaşdırır.
Partiya bununla bağlı bəyanat yayıb və qeyd edir ki, bu,
tərəfdarların xahişidir.
“Biz hər kəsə gürcü xalqının böyük əksəriyyətinin harada
dayandığını, onun üçün həqiqətin və əsl Avropa dəyərlərinin
qiymətli olduğunu, ənənəvi milli dəyərlərimizin - mülk, dil və
inancımızın qiymətli olduğunu hər kəsə göstərəcəyik”,
- bəyanatda deyilir. Bəyanata əsasən aksiya aprelin 29-da
keçiriləcək.
Hakim partiyanın bu açıqlaması ilə “Agent qanunu”na etiraz
aksiyasının iştirakçılarının sayıldığı da aydın olub. Onların
hesablamalarına görə, mitinqə 9500 nəfər gəlib.
“Gürcü arzusu” qanun layihəsini 2024-cü il aprelin 3-də parlamentə
qaytarıb. 13 ay əvvəl, 2023-cü ilin martında kütləvi etirazlar və
beynəlxalq tənqidlərə görə parlament çoxluğu “Xarici agentlər
haqqında qanun”dan imtina etmək məcburiyyətində qaldı və layihəyə
qayıtmayacağına söz vermişdi.
Qanun layihəsi parlamentə qaytarıldıqdan sonra Tbilisidə kütləvi
nümayişlər başlayıb - vətəndaşlar hər gün paytaxtın mərkəzində,
parlament binasının qarşısında qanun layihəsinin qəbulu prosesinə
etiraz edirlər.
Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Gürcüstan
hakimiyyətinə dəfələrlə xəbərdarlıq edib ki, qanunun qəbulu
Gürcüstanın Avropa İttifaqına doğru irəliləməsinə mənfi təsir
göstərəcək.
“Agentlər haqqında qanun” aprelin 17-də birinci oxunuşda təsdiq
edilib. Qanun layihəsini 83 deputat, o cümlədən “Gürcü arzusu”ndan
73, “Xalqın gücün”dən 9 və “Avropa sosialistləri”ndən bir deputat
dəstəkləyib. “Agent qanunu” Gürcüstandakı demək olar ki, bütün
qeyri-hökumət təşkilatlarına və çoxsaylı KİV-lərə, o cümlədən
“Azadlıq” radiosuna şamil edilir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.