Salome Zurabişvili Marneuli sakinlərinə 17 dəqiqədə nə vəd etdi
Bu gün, 10 oktyabr tarixində prezidentliyə müstəqil namizəd Salome Zurabişvili Marneuli sakinləri ilə görüşdü. O, çıxışı zamanı dedi ki, 6 illik prezidentlik mandatı başa çatdıqdan sonra Marneuliyə gələcək və onların ünsiyyət dili gürcü dili olacaq.

Zurabişvili, qeyd etdi ki, milli azlıqların öz doğma dillərini qorumaq hüquqları var, lakin dövlət dilini öyrənmək də vacibdir. O, özünü nümunə göstərdi və bildirdi ki, 36 il ərzində Fransada yaşayıb, ancaq gürcü dilini qoruyub saxlayıb.

Zurabişvili hesab edir ki, gürcü dilinin tədrisi ilə dövlət məşğul olmalıdır, bunun üçün isə o, lobbiçilik edəcək. O, azlıqların dilini də qoruyacaq. “Bu ölkəmizin əsas gücü olan tolerantlıq və balansdır.”

Çıxışı zamanı Zurabişvili qeyd etdi ki, Marneulili müraciət fomasında istədikləri qədər universitet göstərə biləcəkləri barədə məlumatları olmayan abituriyentlərin problemlərindən də xəbərdardır. Hesab edir ki, hər kəsin eyni imkanları olmalıdır və onun prezidentliyi dövründə məlumatın düzgün və tam çatdırılmasına dəstək olacaq.

Zurabişvili ikili vətəndaşlıq məsələsinə də toxundu və qeyd etdi ki, bu məsələ Marneuli sakinlərini də maraqlandırır. Onun dediyinə görə, bir çox insan başqa ölkənin vətəndaşlığını qəbul ediblər, lakin Gürcüstan vətəndaşlığını itiriblər. Bu məsələ üzərində çalışmalara başlayıblar ki, artıq heç kəs Gürcüstan vətəndaşlığını itirməsin, itirənlər isə vətəndaşlığını qaytara bilsinlər.

Salome Zurabişvili Marneuli sakinləri ilə görüşü zamanı qeyd etdi ki, marixuana mövzusu digər rayonlar kimi burada da ağrılı məsələlərdəndir. O, bildirdi ki, marixuananın qanuniləşdirilməsinin tərəfdarı olmayacaq və sağlam gəncliyin prezidenti olacaq.

2018-ci il 28 oktyabrda Gürcüstanda 25 namizəd prezidentlik uğrunda mübarizə aparacaq.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər