Tələbələr Ali Təhsil müəssisələrinə qəbul olduqda ixtisas seçirlər.
Bəzi hallarda onlar özlərinə uyğun peşəni seçə bilmədiklərinə görə
seçdikləri ixtisası dəyişmək məcburiyyətində qalırlar.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbəsi
Hüseyn Koxayev “Marneuli” radiosu ilə söhbəti zamanı ilk başda səhv
peşə seçimi etdiyini və seçdiyi ixtisası dəyişdiyini bildirdi.
“Hazırlığı bitirəndən sonra İqtisadiyyat və Biznes
fakültəsinin iqtisadiyyat bölməsini seçdim. Öz seçimim olmamışdı
təbii ki, burada ailəmin də qatqısı olmuşdu. Məni bu sahəyə
yönləndirmişdilər. Amma ən başda mənim istəyim dəqiq və təbiət
elmləri fakültəsinin kimya bölməsi idi. Uşaqlıqdan onu
arzulayırdım. İqtisadiyyat və Biznes fakültəsinə qəbul oldum, bir
semestr orada oxudum və adaptasiya ola bilmədiyimi anladım. Ona
görə də, fakültəmi dəyişərək dəqiq və təbiət elmləri fakültəsinin
kimya bölməsinə keçid etmişəm. Düzdür, iqtisadiyyat sahəsini oxuyub
bitirənlər üçün əlverişlidir, yaxşı yerlərdə uğurlu şəkildə
işləyirlər, lakin mən o fakültədə davam edə bilməyəcəyimi hiss
etdim. İnsanın öz istəyi və arzusu tamamən fərqlidir. Öz istəyimlə
fakültəmi dəyişdim”, – Hüseyn Koxayev.
Hüseyn bildirir ki, gənclərin cəmiyyətdə az seçilən peşələri
seçmələri onlar üçün daha əlverişli olar.
“Məktəb vaxtlarından kimya elminə marağım böyük idi. Məktəbdə də
kimya fənnini daha yaxşı oxuyurdum. Birinci növbədə bu sahəyə
istəyimin olması idi, ikinci növbədə isə cəmiyyətdə bu sahəyə daha
çox tələbat var. Bu ixtisasa dair aldığım məlumatlara görə, bu sahə
üzrə işləyən azdır, demək olar ki, yox dərəcəsindədir. İşləyənlərin
də hamısı yaşlı nəsildir. Gələcəkdə, əgər uğurla bitirsəm, işlə
təmin olmağım asan olacaq deyə düşünürəm”.
Koxayev qeyd edir ki, düzgün ixtisas seçimi insan həyatında ən
önəmli şeylərdən biridir.
“Mənim fikrimcə, insan özünü uşaq vaxtından hansı
sahədə görürsə, onun ardınca getməlidir. Bu istər ixtisas seçimi,
istərsə də başqa məsələ ola bilər. Əlavə düzgün peşə seçimi təkcə o
peşəni seçən insan üçün deyil, bütün cəmiyyət üçün önəmlidir. Çünki
bir insan oxuyub bitirdikdə yalnız özü üçün işləmir həmçinin,
dövlətinə də xidmət göstərir. Buna görə də düzgün peşə seçimi çox
vacibdir”.
O, bildirir ki, düzgün peşə seçimində gənclərin üzərinə böyük yük
düşür. Bundan əlavə, bu işdə məktəbin də səhvləri var.
“Gərək məktəblərimiz 10, 11, 12-ci sinifdə oxuyan şagirdlərə düzgün
peşə seçimi, universitetdə mövcud olan fakültələr haqqında məlumat
və tövsiyələr versinlər. Gəncləri əvvəlcədən məlumatlandırsınlar
ki, gələcəyə addımı düzgün şəkildə atsınlar. Gənclər bu mövzuda
məlumatsız qalırlar. Bu problemlə ən çox kənd yerlərində
qarşılaşırıq. Düşünürlər ki, tələbələrin hamısı tibbi seçməlidir,
qızlar müəllim olmalıdır və s.
Universitetlərin daxilində çoxlu proqramlar mövcuddur onlar
istənilən ixtisasa yiyələnə bilərlər. Doğru cəmiyyət, doğru düşüncə
və inkişaf üçün gənclərimiz düzgün seçimlər etməlidirlər ki,
gələcəyə fayda verə bilsinlər”, – Hüseyn Koxayev
bildirdi.
Universitetə hazırlaşan 12-ci sinif şagirdi Sona Orucova bildirir
ki, gürcü abituriyentlərdən fərqli olaraq, etnik azlıqların
hazırlıq kursu ərzində əlavə vaxtları olur ki, ixtisas seçə
bilsinlər.
“Biz etnik azlıqların gürcü abituriyentlərdən fərqli
olaraq, əlavə bir il vaxtımız olur ki, öz ixtisasımızı seçək, ancaq
düşünürəm ki, bu müddət ərzində belə bir çoxumuz məlumatsız şəkildə
ixtisas seçirik. Bu isə bəzən iş tapa bilməməklə, bəzən həmin işə
bir müddət sonra marağın azalması ilə nəticələnir. Mən İlia Dövlət
Universitetində Hüquq və Kriminologiya üzrə, əlavə olaraq Gürcüstan
İctimai İşlər İnstitutunda (GİPA) sosial elmlər sahəsində təhsil
almağı düşünürəm. Kriminologiya və Hüquq mənim uşaqlıq xəyalım,
sosial elmlər isə müəllimimdən məlumat aldığım və çox sevdiyim
ixtisasdır. Düşünürəm ki, bu sahələrə maraq azdır və iş tapmaq da
çox çətin olmayacaq, hər hansı çətinlik çəkəcəyimi
düşünmürəm”, – Sona Orucova.
Kaxetinin Laqodexi bələdiyyəsindən olan Səbinə Hüseynova “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, hüquq fakültəsində oxumağın
asan tərəfi iş imkanlarının çox olmasıdır.
“İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində
hüquq fakültəsi üzrə birinci kurs tələbəsiyəm. Bu ixtisası
seçməyimin səbəblərindən biri tarix müəllimimdir. Həmin müəllim
hüquq fakültəsini bitirmişdi, o qədər savadlı idi ki, onun kimi
hüquq bitirib, bir çox sahədən məlumatım olmasını istəyirdim. Digər
tərəfdən, bu sahəni seçməkdə məqsədim kəndimizdə qadın və uşaq
hüquqlarını qorumaqdır", - Səbinə Hüseynova.
Səbinə düzgün peşə seçimi etmədiyini qeyd edir və qabiliyyətinin,
bacarıqlarının bu sahəyə uyğun olmadığını düşünür.
“Düzgün peşə seçiminin əhəmiyyətini əslində bir az gec
anladım, düşündüm ki, hüquq mənə görə deyil. Hüququ uşaqlıqdan onu
arzuladığım üçün seçmişdim ancaq mənim xarakterim, qabiliyyət və
bacarıqlarım bir hüquqşünasa uyğun deyil. İnsanlar da peşə seçimi
edərkən, mütləq sadəcə öz istəklərini deyil qabiliyyət və
bacarıqlarını da nəzərə almalıdırlar. Düzgün ixtisas seçiminin
həyatımızda mühüm rolu var. Düzgün ixtisas seçimi etməyənlər öz
işlərində xoşbəxt ola və uğur əldə edə bilmirlər və ya ümumiyyətlə,
seçdikləri ixtisası davam etdirmirlər. Qərar verdim ki, universitet
daxilində ixtisasımı dəyişib Tarix və ya İngilis dili
seçim”, – Səbinə Hüseynova dedi.
Gənclərin sözlərinə görə, düzgün ixtisas seçimi insan həyatında çox
əhəmiyyətli rol oynayır. Onlar fikirləşirlər ki, əgər insanın həmin
ixtisasa qarşı bacarığı və marağı yoxdursa, o, həmin sahədə nə özü
inkişaf edə, nə də cəmiyyətə fayda verə bilər.