Şair, publisist, tərcüməçi, ictimai xadim Rafiq Hümmət Beynəlxalq
Ana Dili Günü ilə əlaqədar vətəndaş inteqrasiyası istiqamətində
göstərdiyi xidmətlərə görə təltif olunub.
Mükafatlandırma mərasimi 21 fevral tarixində Beynəlxalq Ana Dili
Günündə baş tutub. Tədbir Tbilisi Bələdiyyə Məclisinin Təhsil və
Mədəniyyət Komissiyasının və Dövlət Dili Departamentinin təşəbbüsü
və Bələdiyyə Məclisinin Etnik Azlıqlar Şurasının dəstəyi ilə
keçirilib.
Rafiq Hümmət “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ana
dilini inkişaf etdirmək hər bir şəxsin borcudur və hər kəs öz ana
dilinin qayğısına qalmalıdır.
“Milli mənsubiyyətindən və hansı ölkədə yaşamasından
asılı olmayaraq öz ana dilini inkişaf etdirmək hər bir fərdin
borcudur. Hər kəsə məlum olduğu kimi, mənim də ömrüm əsasən ana
dilimizin – doğma Azərbaycan türkcəmizin tədrisinə, inkişafına həsr
olunub. Bir neçə qəzetə baş redaktorluq etmişəm. Son 20 ildə
Gürcüstanda 50-yə yaxın kitab nəşr etdirmişəm. Onların 6-sı
ikidilli - Azərbaycan və gürcü dillərindədir. Çox güman ki,
mükafatlandırma komissiyasının da bununla bağlı məlumatı olub.
Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif millətlərin
təmsilçiləri ilə yanaşı mən də təltif olundum. Mükafatın
pisi-yaxşısı olmur. Mənim də bu siyahıda adımın olması, hesab
edirəm ki, bütövlükdə Gürcüstanda yaşayan azərbaycanlılara verilən
bir dəyərdir. Mərasim Tbilisi Bələdiyyəsinin binasında keçirildi və
insafən gözəl də təşkil olunmuşdu. Müxtəlif millətləri təmsil edən
ziyalıların, alimləri, ictimai xadimlərın görüşü
idi”.
Qeyd edək ki, Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Rafiq Hümmətlə
yanaşı Givi Şahnazar, Quram Batiaşvili, Mzia Xetaquri, Natalia
Troxim, Naira Marşania, Van Bayburt, Nino Popiaşvili, Raziat
Kumaritov, Larisa Namtalaşvili, Yevgeniya Kotanidis, Rostom
Pareulidze, Mzia Koberidze, Dimitri Teymuraziani və Zaira
Davaraşvili də mükafatlandırılıblar.
Şairin dediyinə görə, bir millət kimi bizim də adımız ölkəmizdə ön
sıralarda anılmalıdır.
“Ona görə ki, biz gürcülərdən sonra bu məmləkətdə
yaşayan sayca ikinci toplumuq. Yaxşı da toplumuq. Ziyalılarımızla,
qəhrmanlarımızla, öndə gedənlərimizlə bu ölkəyə sədaqətlə xidmət
etmişik, qanımızda müxənnətlik olmayıb. Abxaziyada şəhidlərimiz
olub, Samaçabloda döyüşlər zamanı ağır yaralılarımız olub. Mən də
öz sahəmdə əlimdən gələni etməyə çalışmışam. Təmənnasız olaraq,
ondan çox gürcü şair və yazıçısının əsərini Azərbaycan dilinə
tərcümə etmişəm. Təmənnasız olaraq tərcümə edib çap etdirmişəm. Bir
çox yazarlarımızın tərcümə əsərlərini redaktə edib nəşrə
hazırlamışam”.
Rafiq Hümmət 1965-ci il fevralın 13-də Bolnisi rayonunun Darvaz
kəndində anadan olub. Orta təhsilini Darvaz kəndində, ali təhsilini
isə Tbilisi Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində
alıb. O, bir çox mətbuat orqanlarda çalışıb, dörd müxtəlif qəzetə
redaktorluq edib. Gürcüstan Prezidentinin Fəxri Fərmanı ilə təltif
olunub. Bir müddət “Varlıq” Mədəniyyət Mərkəzinin və Gürcüstan
Azərbaycanlıları İnteqrasiya Mərkəzinin direktoru olaraq çalışıb.
Rafiq Hümmət 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin
Gürcüstan bölməsinə rəhbərlik etməklə yanaşı, hazırda həm də
Qaratəhlə orta məktəbində Azərbaycan dili və ədəbiyyatı
fənlərini tədris edir. O, bir neçə kitabın, o
cümlədən “Salam, dünyanın yiyəsi...”, “Rüzgara oxuna söz”,
“Ölümsüzlər” kitablarının müəllifidir. Bir çox əsərləri gürcü, rus,
özbək, ingilis, Türkiyə türkcəsi və s. dillərdə dərc olunub.
Beynəlxalq Ana Dili Günü ilə əlaqədar baş tutan tədbiri Tbilisi
Bələdiyyə Məclisinin sədri Qiorqi Tkemaladze açaraq, Beynəlxalq Ana
Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, ana
dilinin qorunması və inkişaf etdirilməsinin əhəmiyyətindən
danışıb.
Daha sonra Tbilisi Bələdiyyə Məclisinin Təhsil və Mədəniyyət
Komissiyasının sədri Kaxa Labuçidze, Dövlət Dili Departamentinin
sədri Qiorqi Alibeqaşvili, Barışıq və Vətəndaş Bərabərliyi üzrə
Dövlət nazirinin müavini Lia Qiqauri, Tbilisi Dövlət
Universitetinin prorektoru Kaxa Çeişvili, Abxaziya Muxtar
Respublikasının Təhsil və Mədəniyyət nazirinin müavini Nino
Lobjanidze, Dövlət dili kafedrasının alimi, professor Tinatin
Bolkvadze və professor, yazıçı Salome Kapanadze çıxış ediblər.
Tədbirdə Tbilisi Bələdiyyə Məclisinin sədrinin müavini Tinatin
Nibloşvili, Bələdiyyə Məclisinin üzvləri Vladimer Bojadze, Natia
Modebadze, ziyalılar, etnik azlıqların nümayəndələri, elm,
mədəniyyət xadimləri, ictimai fəallar və dəvət olunmuş qonaqlar
iştirak ediblər.
Xatırladaq ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü
kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin
təşəbbüsü ilə YUNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili
Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin
Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə
aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların
xatirəsində canlandırır.