Ukrayna qüvvələrinin ölkənin şərqində Rusiya hücumlarına qarşı
“fasiləsiz” döyüşdüyü bir vaxtda ölkədə yeni korrupsiya qalmaqalı
yaranıb. Prezident Volodimir Zelenski korrupsiyanın kökünü
kəsəcəyini bildirib, bu gün – yanvarın 24-də hökumətdən istefa
edənlər, işdən çıxarılanlar olub.
Prezident administrasiyası başçısının müavini Kirilo Timoşenko
yanvarın 24-də Zelenskiyə istefasını təqdim etdiyini deyib. Onun
istefa səbəbləri bəlli deyil.
Müdafiə nazirinin əsgərlərin ərzaq və avadanlıqla təchizatına
cavabdeh müavini isə korrupsiyayla bağlı “medianın ittihamları”nı
əsas gətirərək istefa verib. Nazirlik və nazir müavini ittihamları
əsassız adlandırır.
Müdafiə Nazirliyinin vebsaytında yerləşdirilmiş bəyanatda deyilir
ki, Vyaçeslav Şapalovun istefası “lazımlı addımdır”, nazirliyə
etimadın qalmasına kömək edəcək.
Baş prokurorun müavini Oleksey Simonenko isə vəzifədən
kənarlaşdırılıb. Yanvarın 24-də yayılmış bəyanatda bu
kənarlaşdırmaya əsas gətirilməsə də, qeyd edilir ki, bu,
Simonenkonun “öz istəyilə” baş verib.
Zelenski korrupsiya iddiaları fonunda yuxarı və aşağı vəzifələrdə
heyət dəyişikləri edəcəyini açıqlayıb.
“Nazirliklərdə müxtəlif səviyyələrdə və hökumətin digər
strukturlarında, eləcə də regionlarda və hüquq-mühafizə sistemində
məmurlarla bağlı bu gün və sabah heyət dəyişiklikləri açıqlanacaq”,
– Zelenski gecə müraciətində deyib.
Yanvarın 22-də infrastruktur nazirinin müavini sentyabrda
generatorların idxalına görə 400 min dollar rüşvət almaq şübhəsilə
saxlanıb. Özü isə ittihamı rədd edir.
Araşdırmaçı bir qəzet isə Müdafiə Nazirliyini əsgərlərin ərzaq
təminatıyla məşğul olan təchizatçılara əlavə ödəniş etməkdə
suçlayıb. Təchizatçı isə bunu texniki səhv adlandırıb, əlavə pul
verilmədiyini bildirib.
Bu qalmaqalın baş verdiyi bir vaxtda Avropa müttəfiqləri Ukraynaya
Almaniya istehsalı Leopard-2 tankları verməyi götür-qoy edilər. Bu
addıma tərəddüdlə yanaşan Almaniya NATO müttəfiqlərinin təzyiqilə
üzləşib.
Almaniyanın Xarici işlər naziri Polşanın təkrar ixrac icazəsi
istəyəcəyi halda ona qarşı çıxmayacağını bildirib. Polşa isə
Berlinin razılığını “ikinci dərəcəli” adlandırıb, təsdiq olmasa
belə, digərləri ilə birlikdə Ukraynaya tankları göndərəcəyini
deyib.
Yanvarın 23-də Almaniyanın “Rheinmetall” şirkəti Ukraynaya,
gərəkərsə, 139 Leopard döyüş tankı çatdırıla biləcəyini
bildirir.
Silahlı Qüvvələrin Baş Qərargah yanvarın 24-də şərqi Donetsk və
Luqansk vilayətlərində 11 məkanda hücumların dəf olunduğunu
bildirib. Qarşı tərəfin hücumunun əsasən Baxmut və Avdiyevka
istiqamətlərinə fokuslandığı qeyd olunub.
Rusiya qüvvələri həmçinin Zaporojye, Xerson və Lımanı atəş altında
saxlayır.
Hər iki tərəfin ağır itkilər verməsinə, Rusiyanın davamlı
bombardmanına baxmayaraq, cəbhə xətləri iki aydır əsasən dəyişməz
qalır.