Marneuli merliyi üçün minimal xərclər - Əli Bədirov müstəqil namizəd kimi merliyə namizədliyini irəli sürə bilər
Marneulidə mer seçkiləri yaxınlaşır. Düzdür, rəsmi olaraq seçkilərin tarixi təyin olunmasa da, qanunvericiliyə görə, növbədənkənar seçkilər mayda keçiriləcək.

Marneulidə mer vəzifəsinə namizədlər artıq müzakirə olunmağa başlayıb. Ali Bədirov müstəqil şəkildə namizədliyini irəli sürə bilər. Onun dediyinə görə, hələlik son qərarını verməyib, namizədliyini irəli sürməsi ehtimalı yüksəkdir.

“Söhbət var ki, təşəbbüs qrupu müstəqil namizəd kimi mənim namizədliyimi irəli sürə bilər. Heç bir partiya ilə bağlılığım yoxdur və müvafiq olaraq heç bir partiya mənə namizədlik təklif etməyib”,
– Bədirov deyir və əlavə edir ki, təşəbbüs qrupu yaratmaq və namizədlik üçün lazım olan imzaları toplamaq onun üçün çətin olmayacaq.

Bədirovun dediyinə görə, o, seçkiöncəsi kampaniyaya minimal pul xərcləyəcək, çünki namizədliyini müstəqil şəkildə irəli sürəcək. O, hesab edir ki, qalib gəlib gəlməyəcəyini deyə bilmir, lakin ikinci tura yüksəlmək imkanı böyükdür.

“Mən Marneuli üçün həqiqətən də yad insan, yad namizəd deyiləm, buna görə də, istənilən kənddə məni dəstəkləyərlər, çünki, hər bir kənddə tanıyırlar”, – Əli Bədirov deyir.

Əli Bədirov Tbilisidə yaşayır. O, 2015-2016-cı illərdə Marneulidə Nəzarət Xidmətinin hüquqşünası vəzifəsində çalışıb və onun dediyinə görə, məhz bu vəzifədə çalışarkən kəndlərdə tez-tez sakinlərlə görüşlər nəticəsində Marneulinin problemləri ilə tanışdır.

Bədirov hal-hazırda vəkil kimi fəaliyyət göstərir və Gürcüstan Azərbaycanlı Hüquqşunaslar Assosiasiyasının rəhbəridir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər