Leyla Sakitovanın yüzə yaxın gəlinlik paltarını aylardır
heç kim geyinməyib və vitrinlərdə əl dəymədən durur.
Rəhbərlik hər gün salonu açır, tətbiq edilmiş tövsiyələri də nəzərə
alır və müştəriləri gözləyir. Özünü gəlinlik paltarlarının kirayə
verilməsi ilə idarə edən biznesə minlərlə zərər dəyib. Leyla deyir
ki, 15 illik iş təcrübəsində heç vaxt bu qədər zərəri olmayıb. İndi
bankdan götürdüyü minlərlə dolları necə ödəyəcəyini bilmir.
“Toylar dayandı və biz də dayandıq. Çox pis vəziyyətə
düşdük, hamımızın ehtiyacı var, banka borcluyuq. Heç olmasa 100
nəfərlik toya icazə verələr. Bunların hamısı bizə çox pis təsir
etdi. Bizim bütün gəlirimiz bu donlara xərclənib. Bu gəlinliklər də
yavaş-yavaş dəbdən düşür və borc salonun boynunda qalır. Mən,
məsələn, hər ay banka 600 dollar ödəyirəm. Ödəmələri üç ay
dayandırdılar, amma bundan sonra nə edəcəyəm, bilmirəm. Bu iş üçün
32 000 dollar kredit götürmüşəm və 15 000 dollarını hələ
ödəməmişəm. Bu müddət ərzində 5 000 lari ziyana
düşdüm.”
Salonların əksəriyyəti maddi zərərdən danışır. Deyirlər ki,
gəlinliklərdən əlavə geyimlərin vacib hissəsi olan aksessuar və
atributlara çox pul xərclənir. Samirə Qaracayeva Marneulidəki
salonlardan birində işləyir. O, deyir ki, hər gün ümidsiz şəkildə
müştəriləri gözləyir.
“Bizim salonlar açıldı, amma toylar yoxdur, işləyə
bilmirik. Toyları qadağan edirdilərsə, ümumiyyətlə salonu niyə
açırdıq. İcarə pulunu ödəməliyik, buranın sahibləri deyir ki,
salonu artıq açıbsınız, pul da ödəməlisiniz. Yaxşı olardı,
açmazdıq. Demək olar dörd aydır işləmirik. Böyük zərərdir,
əməkdaşların maaşını ödəyə bilmədik. Mən dövlətdən də yardım
almıram. Çünki Azərbaycan vətəndaşıyam. Ancaq Azərbaycan vətəndaşı
olmağım vergi ödəməyə mane olmurdu, təqaüd fonduna da qoşulmuşam.
Belə böhranda mənə heç kim yardım vermir.”
Marneulidəki salonların əksəriyyətində vəziyyət belədir. İndi
hamının bir məqsədi var, vergiləri ödəmək və böhrandan çıxmağa ümid
edirlər. Qeyd edək ki, indiyə qədər genişmiqyaslı tədbirlərin
keçirilməsi, eləcə də toy və ad günlərinin qeyd edilməsi
qadağandır. Tədbir keçirən halda fiziki şəxslər 2000 lari, hüquqi
şəxslər isə 10 0000 lari cərimələnəcək.