Suvarma suyu, qaz və yol - İlməzli kəndinin həll olunmayan problemləri (FOTO/VİDEO)
17:23 / 24.06.2020
Marneulinin İlməzli kəndinin sakinləri kənddə təbii qazın, suvarma
suyunun və kəndin daxili yolunun olmamasından şikayətlənirlər.
Sakinlərin sözlərinə görə, onların əsas tələbi təbii qazın
çəkilməsi və suvarma suyu probleminin həll olunmasıdır. İllərdir
ki, kənddə təbii qaz olmadığından əhali odun sobasından, elektrik
qızdırıcılarından, bəziləri isə qaz balonlarından istifadə
edirlər.
İlməzlilər deyir ki, qaz balonunu qurtaranda hər dəfə müəyyən
problemlərlə qarşılaşırlar. Qaz balonunu doldurmaq üçün avtomobil
çağırmalı olurlar, o da gəlmədiyi halda məcburi şəkildə müəyyən
məsafə qət edərək Marneuliyə getməli olurlar. Elektrik enerjisindən
istifadə etmək isə onlar üçün baha başa gəlir.
Qazın olmamasına görə, illərdir aidiyyəti orqanlara müraciət
etdiklərini deyən əhali bildirdilər ki, onların müraciətlərinə
baxan yoxdur. Hər seçkidə onlara söz verirlər ki, bu il qaz
çəkiləcək, amma bu günə qədər kənddə təbii qaz çəkilməyib.
İlməzli kəndində yaşayan 60 yaşlı Mirzalı Mehdiyyev deyir ki, bu
günə qədər kənddə təbii qaz olmayıb. O, ümid edir ki, nə vaxtsa
onların kəndinə də qaz çəkiləcək.
Sakinləri suvarma suyu problemi də narahat edir. 20 ildən artıqdır
ki, kənddə suvarma suyu yoxdur. Əhali deyir ki, suvarma suyu
olmadığına görə, onlar becərdikləri məhsulları kran suyundan
istifadə edərək suvarmağa məcburdurlar. Sakinlər onu da bildirdilər
ki, kran suyuna xlor qatıldığı üçün məhsullarını həmin su ilə
suvardıqları zaman torpaqları soranlaşır.
Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli”
radiosuna verilən məlumata görə, kəndə qaz xəttinin çəkilməsi yaxın
gələcəkdə planlaşdırılır. “Socar” şirkəti artlq İlməzli kəndinə qaz
çəkmək üçün icazə alıb. İşlər güman ki, tezliklə başlayacaq.
Meriyadan bildirdilər ki, 2019-cu ildə yerli və mərkəzi büdcədən
İlməzliyə gedən yolun çəkilməsi işləri həyata keçirildi, kəndin
daxili yollarının çəkilməsi üçün 2020-ci ilin büdcəsində pul
ayrılmayıb.
Marneulinin Melorasiya Xidmətinin nümayəndəsi Aleksandre Şukakidze
“Marneuli” radiosuna bildirdi ki, İlməzli kəndində heç vaxt suvarma
suyu olmayıb və nə zaman olacağını bilmir.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166