3 noyabr tarixində, Axlı-Lələ kəndində qətl hadisəsi baş verib.
“Marneuli” radiosunun jurnalistinin hadisə yerindən əldə etdiyi
məlumata görə, qətl hadisəsi ötən axşam təxminən saat 22:00
radələrində baş verib. Hadisə zamanı Axlılələ kənd sakini öz əmisi
oğlunu və əmisinin həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirib.
Təxminən 23 yaşlarında olan oğlan və 40 yaşlarında olan qadın
açılan atəş nəticəsində dünyasını dəyişiblər.
Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi məlum deyil.
Cəsədlər ekzpertizaya aparılıb.
Qətli törədən şəxs hüquq mühafizə orqanları tərəfindən
saxlanılıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
əməkdaşları həyata keçirilən operativ əməliyyat nəticəsində isti
izlərlə ata-övlad, 1982-ci il təvəllüdlü A.R. və 2004-cü il
təvəllüdlü M.R.-nı Marneulidə saxlayıblar. Onlar iki nəfəri
mütəşəkkil qrup şəklində amansızcasına qəsdən öldürməkdə ittiham
olunurlar. Törədilmiş cinayətə görə 16 ildən 20 ilə qədər, yaxud
ömürlük həbs cəzası nəzərdə tutulur. İstintaq nəticəsində aydın
olub ki, müttəhimlər Marneuli bələdiyyəsinin Axlı-Lələ kəndində,
qonşuluqda yaşayan ana-bala –1981-ci il təvəllüdlü Z.B və 1997-ci
il təvəllüdlü A.R-ya, keçmişdə baş vermiş narazılığa görə evlərinin
ərazisində odlu silahdan atəş açaraq ölümcül xəsarət
yetiriblər.
Polis hər iki müttəhimi qısa müddət ərzində isti izlərlə saxlayıb.
Polislər cinayətdə istifadə olunmuş silahları – ov tüfənglərini
maddi sübut kimi müsadirə ediblər. Faktla bağlı Gürcüstan Cinayət
Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin "e" və 3-cü
hissəsinin “a” bəndi ilə istintaq aparılır.