Yanlış məlumat: Koronavirus vərəm əleyhinə peyvənd olunmuş şəxslərə təsir etmir
Hökm: Faktlarla manipulyasiya

Xülasə

Belə məlumat yayılıb ki, əgər bir insana vərəm vaksini (БЦЖ) vurulubsa, koronavirus ona təsir etmir. Əslində, elmi ictimaiyyətdə vərəm vaksininin koronavirusun (COVID-19) nisbətən asan keçirilməsində və koronavirusa bağlı ölüm hallarının azaldılmasında müsbət rol oynaya biləcəyinə dair bir fərziyyə mövcuddur. Bu mövzuda araşdırmalar davam edir və əvvəlcədən verilən fərziyyəni qeyd şərtsiz təsdiq etmək düzgün deyil.

Təhlil

“Geonewest.com” internet mediyası "Qolunda “oxşar" çapıq olanlar, təbrik edirəm, yeni bir araşdırmaya görə, koronavirus sizə heç nə edə bilməz – yəni vərəm vaksini olan insanlar koronavirusa qarşı ən davamlıdırlar” başlığı ilə bir xəbər yayımlamışdı. Qeyd edək ki, məqaləni “itar.ge” 28 mart tarixində, “geonewest.com” isə 29 mart tarixində yayımlamışdı. Bununla birlikdə, “geonewest.com”-un məqaləsi 24 sentyabrda “Facebook”-da yenidən paylaşıldı. Bu məsələ ilə bağlı “Fakt-Metr” daha əvvəl də yazmışdı.

“Geonewest.com” “NeuroScience News” və “France24” tərəfindən yayımlanan məlumatlara istinad edərək yazır: "Nəşrin məlumatına görə, bu gün də uşaqlarda geniş istifadə olunan “Be-Tse-Je” (БЦЖ) adlı peyvənd koronavirus peyvəndi icad olunanadək xəstəliyin qarşısını almaq üçün uğurla istifadə edilə bilər."

Qeyd etmək lazımdır ki, “NeuroScience News” və “France24”, eləcə də digər aparıcı KİV-lər peyvənd haqqında həqiqətən məlumat yaymışdılar, lakin “geonewest.com” saytının yayımladığı məqalədə bir sıra səhvlər var. Hər şeydən əvvəl, başlıqda peyvəndin koronavirusla mübarizədə mümkün istifadəsi manipulyasiya ilə təqdim edilir və oxucunu vərəm vaksini olunacağı təqdirdə, koronavirusun artıq bir təhlükə olmadığına inandırır.

Müxtəlif araşdırmalara görə, vərəmin qarşısının alınması üçün hazırlanmış vərəm vaksini insanın immunitetini artırır. Pandemiya başlandıqdan qısa müddət sonra elmi dairələr vərəm vaksininin koronavirusa qarşı təsirlərini müzakirə etməyə başladılar.

2020-ci ilin yazında Melburndakı Murdok Uşaq Tədqiqat İnstitutu vərəm vaksininin effektivliyini öyrənməyə başladı. Tədqiqata yoluxucu xəstəliklər üzrə tədqiqat rəhbəri Naycel Kurtis rəhbərlik edir. Professor Kurtisin sözlərinə görə, vərəm vaksini immunitet sistemini gücləndirə bilər ki, bu da ümumiyyətlə bədənin bir çox virus və bakteriya növündən daha yaxşı qorunmasına imkan verir. Tədqiqatlarda 4 min könüllü tibb işçisi iştirak edəcək. Tədqiqat altı ay davam edəcək və ilkin nəticələr üç aydan sonra məlum olacaq. Tədqiqatlar Almaniya, İngiltərə və Hollandiyada da aparılır. Hollandiyada səkkiz xəstəxanadan 1000 tibb işçisi araşdırmaya cəlb ediləcək. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini Paata İmnadzenin sözlərinə görə, hələ də elmi cəhətdən sübut olunmasa da, qızılca/məxmərək/parotit peyvəndi, xüsusən də qızılca komponenti və vərəm vaksini ilə bağlı bir neçə fərziyyə mövcuddur. Ancaq əgər bu təsdiqlənərsə, Gürcüstan tamamilə qorunmuş olacaq, çünki həm yeni nəsil, həm də köhnə nəsil vərəm vaksini olunur.

“Geonewest.com” saytının yazdığına görə, peyvənd koronavirus (COVID-19) infeksiyasının qarşısını almaq üçün vasitə kimi müzakirə edilmir. Tədqiqatçılar peyvəndin COVID-19 simptomlarının şiddətini azaldacağına və nəticədə yoluxmuş şəxsin xəstəliyi daha asan keçirəcəyinə ümid edirlər. Kəskin xəstəlik inkişaf riskinin azaldılması isə ölüm nisbətini azaldır. Tədqiqatlar vərəm vaksininin effektivliyini təsdiqləyərsə, COVID-19 peyvəndi icad olunmazdan əvvəl koronavirusla mübarizədə əhəmiyyətli bir rol oynayacaq, ancaq qarşısını almağa kömək etməyəcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vərəm vaksininin insanları COVID-19 virusuna yoluxmaqdan qoruduğuna dair heç bir dəlil yoxdur. ÜST aprel ayında bu mövzuda iki klinik araşdırmanın aparıldığını və dəlil mövcud olduqdan sonra nəzəriyyəni qiymətləndirəcəyini yazmışdı. Dəlil olanadək ÜST COVID-19-un qarşısını almaq üçün vərəm vaksinini tövsiyə etmir.

vərəm vaksininin COVID-19-a qarşı effektivliyi ilə bağlı araşdırmalar hazırda Melburndakı Murdok İnstitutundan əlavə (hazırda araşdırmada 3500 tibb personalı iştirak edir, eyni zamanda Hollandiya da daxil olmaqla Avropanı da əhatə edir) Harvard Tibb Məktəbində və Hindistan Serum İnstitutunda aparılır.
Tamamlanmış tədqiqatın bəzi nəticələrini təqdim edirik:
Hollandiyadakı Radbud Universiteti də vərəm vaksininin koronavirusa təsirləri ilə bağlı araşdırmalar aparmışdır. Tədqiqatı biri vərəm vaksini vurulmuş, digəri isə peyvənd olunmamış iki qrupun müqayisəsi əsasında həyata keçiriblər. Bu araşdırmaya görə, Hollandiyada koronavirusun ilk dalğası zamanı vərəm vaksini vurulmuş şəxslərin vəziyyəti daha az hallarda pisləşirdi. Müvafiq olaraq araşdırmaçılar düşünürlər ki, vərəm vaksininin koronavirusun simptomlarına qarşı təsiri ola bilər. Bununla belə, qeyd edirlər ki, tədqiqatın bir sıra məhdudiyyətləri səbəbindən, vərəm vaksininin koronavirusa (COVID-19) qarşı təsirlərinin nə olduğunu açıq deyə bilmirlər.
Təbii Sərvətlər və Ekologiya Kolleci və Milli Səhiyyə İnstitutlarının tədqiqatçıları tərəfindən aparılan ilkin araşdırmaya görə, vərəm vaksini koronavirusdan (COVID-19) ölüm sayını azalda bilər. Bununla belə, vərəm vaksini ilə koronovirusun səbəb olduğu ölüm arasında birbaşa əlaqə olub-olmadığı araşdırılmalıdır. Tədqiqatçılar, həmçinin vərəm vaksininin koronavirusun ağır formasına qarşı qısa müddətli bir qorunma təmin edəcəyinə ümid edirlər ki, bu da tibb işçiləri və risk qrupundakı xəstələr üçün xüsusilə əhəmiyyətli olacaq.

İyul ayında nəşr olunan və 1000-dən çox koronavirus halı olan ölkələrin məlumatlarını özündə cəmləşdirən başqa bir araşdırmada universal vərəm vaksini istifadə olunan ölkələrin xəstələnmə və ölüm nisbətlərinin bu peyvənd olmayan ölkələrə nisbətən daha aşağı olduğu qeyd olunur. Bununla yanaşı, digər müəlliflərin elmi məqalələrində vərəm vaksininin koronavirusun (COVID-19) ağır formasından qoruması ilə bağlı kifayət qədər dəlil olmadığını vurğulanır. Bunu təsdiqləmək üçün isə vərəm vaksininin yüksək səviyyədə istifadə olunduğu və 1 avqust tarixinə qədər koronavirusdan ölüm hallarının yüksək olduğu ölkələri (Boliviya, Panama, Kolumbiya, Peru, Braziliya, Meksika və Cənubi Afrika) misal göstərilib.

Ayrıca, Kaliforniyadakı Santa Barbara Universitetinin apardığı araşdırmada qeyd olunub ki, İsveçin məlumatları yeni doğulmuş körpələrə vərəm vaksini vurlmasının COVID-19-dan qorunmadığını göstərir. İsveçdə vərəm vaksini 1975-ci ilin aprelindən etibarən məcburi deyil. Müvafiq olaraq, 1975-ci ilin mart və aprel aylarında anadan olan vətəndaşlar koronavirusa qarşı eyni dərəcədə həssasdırlar və mart ayında anadan olanlar vərəm vaksini olunub, aprel ayında anadan olanlar isə yox. 70-ci illərdə İsveç siyasətindəki dəyişiklik təsadüfi seçimlə nəzarət olunan araşdırma effekti yaratdı. Araşdırmanın nəticələrinə görə, iki qrupda adambaşına düşən COVID-19 yoluxma halı, xəstəxanaya yerləşdirmə və ölüm statistikaları bir-birinə bənzəyirdi. Tədqiqat nəticəsində məlum olub ki, məcburi vərəm vaksini ilə COVID-19 nəticələri arasındakı nisbət müxtəlif ölkələrdə çox dəyişir, ancaq, İsveçdə uşaqlıqda peyvənd olunmuş və peyvənd olunmamış şəxslər arasında COVID-19-un oxşar nəticələri vərəm vaksini və onun yaratdığı immunitetin qeyd olunan nisbətə səbəb ola bilməyəcəyini göstərir və bu digər dəyişənlərin nəticəsi ola bilər.

“Geonewest.com” saytındakı məqalənin müəllifinin yazdığına görə, keçmiş Sovet İttifaqı ərazisində vərəm əleyhinə peyvəndin geniş tətbiqi virusun postsovet məkanında Avropa və ABŞ-dan daha az yayılmasının səbəblərindən biridir və bu pandemiyanın başlanğıcında Rusiya mediasında fəal şəkildə yazılırdı.

Bu əsassız iddialara Nyu-York Texnologiya İnstitutunun Bioloji Elmlər Bölməsinin elmi məqaləsi (peyvənd siyasəti ilə COVID-19 ölüm nisbəti arasındakı əlaqəyə dair) əsas göstərilirdi ki, bu da yalnız elmi işin ilkin variantı (preprint) idi. Araşdırma şəklində dərc etməzdən əvvəl bu, ilk öncə müxtəlif mütəxəssislər tərəfindən nəzərdən keçirilməlidir. Məqalə 24 mart tarixində yayımlanıb və hələ də kollegiya yoxlamasından keçməyib.

Məqalədə, universal vərəm vaksini siyasətinə sahib ölkələrdə milyon insana düşən ölüm sayı belə siyasətə sahib olmayan ölkələrdə milyon nəfərə düşən ölüm sayı ilə müqayisə edilir. Ölkələr üç kateqoriyaya bölünür: aşağı, orta və yüksək gəliri olan ölkələr. Qeyd edək ki, vərəm vaksini əsasən aşağı gəlirli ölkələrdə istifadə olunur.

Ölüm göstəricisinə çoxsaylı digər amillər (məsələn, əhalinin orta yaşı, yoluxma sayına görə xəstəxana yataqlarının sayı, lazım olan avadanlıq və s.) təsir edir və bu dəyişkənlər məqalədə nəzərə alınmır. Koronavirusdan çox sayda ölüm Çin (4.6 mindən çox) və İran (26 mindən çox) kimi universal vərəm vaksininin geniş istifadə olunduğu ölkələrdə də qeydə alınır ki, bu da özlüyündə müəllifin fikirlərini şübhə altına alır. Bundan əlavə, fərqli ölkələrdə virusun yayılması müxtəlif dövrlərdə başlamış və yayılma mərhələlərindədir. Nəticə olaraq, bənzər müqayisə düzgün deyil.




წყარო: https://factcheck.ge/ იაკობ ლაჩაშვილი
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər