Kimsənin dini zəmində qanunsuz hərəkətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmasına icazə verməyəcəyik – Daxili İşlər Nazirliyinə sərt tədbirlərin görülməsi tapşırılıb – Qiorqi Qaxaria Buknaridə baş verənlərlə əlaqədar
"Biz heç kimin Gürcüstan vətəndaşlarının hüquqlarını hər hansı bir şəkildə məhdudlaşdırmasına icazə verməyəcəyik, eyni zamanda, qanunsuz hərəkətlərlə kiminsə vətəndaşlarımız arasında dini zəmində qarşıdurma yaratmasına da icazə verməyəcəyik", – Gürcüstanın Baş naziri Qiorqi Qaxaria hökumətin iclasından əvvəl Buknaridəki hadisəyə münasibət bildirib.

Baş nazirin sözlərinə görə, Daxili İşlər Nazirliyinə “əhali arasında qarşıdurma yaratmağa cəhd edilən yerdə” ən sərt tədbirləri tətbiq etmək təlimatı verilib.

"Dini müxtəliflik bizim tarixi həqiqətimizdir, bu bizim sərvətimizdir. Əsrlər boyu dövlətimizi bu şəkildə qurmuşuq və hamımız anlamalıyıq ki, Gürcüstan hökuməti hər bir vətəndaşın konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının təminatçısı olub və olacaq, biz heç kimin hüquqlarının məhdudlaşdırılmasına icazə verməyəcəyik, eləcə də qanunsuz hərəkətlərlə vətəndaşlarımız arasında dini zəmində hər hansısa qarşıdurma yaradılmasına imkan verməyəcəyik. Daxili İşlər Nazirliyinə təlimat verilib ki, dini zəmində xalqımız arasında qarşıdurmanı təşviq etmək və ya təhrik etmək cəhdi olan yerdə hökumət və Daxili İşlər Nazirliyi ən sərt tədbirləri tətbiq etsinlər", – deyə Baş nazir bildirib.

Xatırladırıq ki, müsəlman icmasının üzvləri müsəlman ibadətgahında namaz qılmağa icazə verilməsini istəyirlər. Yerli xristian əhali buna qarşı çıxır. Buknari kəndində müsəlman və xristian icmalarının üzvləri arasındakı qarşıdurma evlərdən birinin ibadətgah kimi istifadə olunması ilə əlaqələndirilir.

Print Email
FaceBook Twitter Google