Marneulili atalar üçün “kişilər qayğı göstərir” kampaniyası
çərçivəsində yaradılmış “Luna və atəşböcəklər planeti” və “Lili
üçün layla” uşaq nəşrlərinin təqdimatı keçirilib.
Nəşrlər BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin təşəbbüsü
və Avropa Birliyinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunub.
Kitabları “Palitra L” nəşriyyatı çıxarıb.
“Bu iki sehrli uşaq kitabı çox məşhur müəlliflər
tərəfindən yazılıb. Biri Aleksandre Lortkipanidzenin, digəri isə
Dato Qorqiladzenindir. Bu təsadüfi deyil. Çünki hər iki müəllif
böyük, “kişilər qayğı göstərir” kampaniyasının çox fəal iştirakçısı
və dəstəkçisidirlər. Bu kampaniya ataların daha çox ailə işlərinə,
uşaqların formalaşmasına, böyüməsi prosesinə qoşulması üçündür.
Çünki ataların uşaqların həyatına qoşulduğu ailələrdə münasibətlər
daha harmoniyalıdır və uşaqlar daha xoşbəxt, psixoloji baxımdan
daha balanslı şəkildə böyüyürlər. Ona görə də valideynlərin və
uşaqların mütaliə etməsi üçün belə kitablar çox yaxşıdır və o məhz
belə münasibətləri təşviq edir”, – BMT-nin Əhali
Fondunun Gürcüstan ofisinin rəhbəri Lela Bakradze bildirdi.
Hər iki nəşrin təqdimatı Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzi
ilə əməkdaşlıqla, Marneuli İctimai Kitabxanasında keçirilib. Uşaq
kitablarının təqdimatında Marneulili uşaqlar və onların ataları
iştirak edib. Marneulili Davit Boçoidze iki azyaşlı uşaq atasıdır.
O, hesab edir ki, ataların uşaqların həyatına qoşulması çox
mühümdür.
“Belə aktivliklər, əlbəttə, çox mühümdür. Bizim
məişətimizdə və bugünkü həyatımızda çox ehtiyaclar var. Gündəlik
əmək və fəaliyyətə görə, ola bilsin çox adam ataların övladın
böyümə prosesinə qoşulmasının mühümlüyü barədə heç düşünmür də.
Əgər hamıya, bütün atalara övladla yaxınlığın nə dərəcədə mühüm
olması barədə məlumat verilərsə, düşünürəm ki, bu onları daha çox
yaxınlaşdırar. Başa düşəcəklər ki, övladların təlim-tərbiyəsi və
onların həyatına qoşulmaq hər şeydən üstündür. Bunun üçün başqa
işləri təxirə də salmaq olar”, – Davit Boçoidze
bildirdi.
Müəlliflər kitab təqdimatına getmiş uşaqlara özləri kitab
oxudurlar. “Luna və atəşböcəklər planeti”-nin müəllifi yazıçı Dato
Qorqiladzedir.
“Kitabım barədə deyim ki, bu ataların, övladların və
anaların birlikdə oxuyacağı kitabdır. Bu uşaqlar üçündür və ailədə
harmoniyalı yaşam, işlərə və həmçinin, uşaqların təlim-tərbiyəsinə
ataların da bərabər qoşulmasını diqqətə yetirir. Bu çox mühüm
məsələdir. Əksər hallarda bizim ölkədə hesab edirlər ki, uşağın
təlim-tərbiyə prosesində ata və anaların rolu fərqlidir. Bu mətn
diqqətə yetirir ki, həqiqətən bu belə deyil. Ananın bez dəyişməkdən
başlamış, uşağı yedizdirməyə qədər etdiklərini ata da edə bilər. Ya
da birlikdə kitab oxuya bilərlər”, – Dato Qorqiladze
bildirib.
Bugünkü tədbirdə uşaqlar və atalar vorkşopda iştirak edib. Vorkşop
illüstrator Tatia Nadareişvili hazırlayıb. Nadareişvili eyni
zamanda “Luna və atəşböcəklər planeti”–nin illüstratorudur.
Uşaq kitablarını almaq istəyənlər kitab mağazalarına müraciət edə
bilər. Nəşrlər Marneuli İcitmai Kitabxanasında da gürcü və
Azərbaycan dilində əlçatan olacaq.