Tamarisinin mərkəzi küçəsinə kəndin köhnə adına veriləcək

Marneuli bələdiyyəsinin Tamarisi kəndinin mərkəzi küçəsi Tamarisinin köhnə adı ilə - Traumberq adlandırılmalıdır.

Marneuli meriyasının Mədəniyyət Xidmətinin baş mütəxəssisi Elquc Kupatadzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə, meriya bu təklifi Alman Mədəni İrsinin Qorunması İttifaqından alıb. Bu mərhələdə meriyada işlər davam etdirilir. Onun dediyinə görə, Tamarisinin həqiqətən turizm potensialı var. Xalqın məlumatlandırılmasına gəlincə, Kupatadze deyir ki, onlara şifahi razılaşma olub, lakin indi imzalara ehtiyac var.

“Bununla bağlı işlərə başlanılıb. Küçələrin adlandırılması proseduru uzunmüddətli prosesdir. Müvafiq olaraq vaxt tələb edir. Hal-hazırda işlər davam edir. Əhali ilə şifahi razılıq olub, lakin indi imzalarla təsdiq olunmalıdır, sonra Bələdiyyə Məclisinin iclasında müzakirə olunmalıdır. Daha sonra hökumət komissiyasından keçməlidir. Bundan sonra isə ictimai reyeestr küçəni göstərilmiş adla qeydə ala bilər. Müvafiq olaraq kəndin girişində və sonunda da trafaretlər qoyulacaq“ – deyə Elquc Kupatadze bildirdi.



Alman Mədəni İrsinin Qorunması İttifaqının təsisçilərindən biri Nestan Tataraşvilinin bizimlə söhbəti zamanı bildirdiyinə görə, almanlar Gürcüstana ilk dəfə 200 il əvvəl Cənubi Almaniyadan, Lutemberqdən gəliblər. Onlar burada 23-dən artıq kənd və 1200-dən artıq ev qoyub gediblər. Onlar Gürcüstanın iqtisadi-mədəni həyatında böyük rol oynayıblar. Lakin Sovet İttifaqı dövründə bununla bağlı danışılmırdı. Tataraşvili hesab edir ki, Tamarisi də bu 23 kənd arasında xüsusi yeri olan kəndlərdən biridir ki, mütləq onun miraslarının qeydinə qalınmalıdır. Tamarisinin həqiqətən turizm potensialı var.

“Tamarisi çox mühüm kəndlərdəndir. Orada şərabçılıq inkişaf etmişdi. Qeyri-adi şərab emalatxanası var idi. Demək olar ki, bütün məntəqələrdə kirəmit istehsal olunurdu. Buna görə də xalq özünün arxitekturasını yaradırdı. Bu çox mühümdür. Tamarisinin Tbilisiyə yaxın olması da yaxşı amildir. Digər tərəfdən tarixi keçmişini qaytarmalıyıq. Avropa Şurası təklif edir ki, göstəricilər düzəldək və mərkəzi küçəyə Tamarisinin köhnə adını qaytaraq” – deyə Nestan Tataraşvili bildirdi.



Tataraşvilinin dediyinə görə, binaların həqiqətən də peşəkar arxitektorlar tərəfindən tikilməməsi faktı da mühümdür. Bu gürcü arxitekturasının təsirlərinə məruz qalmış arxitekturadır və binalar gürcü-şvab arxitekturasının qarışığıdır. Bu isə binaların incəsənət və arxitektura baxımından daha da maraqlı olması deməkdir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər