Avropa bazarı nədir və məhsulumuzu bu bazara necə çıxara bilərik – İqtisadiyyat üzrə ekspert ilə müsahibə (VİDEO)
11:29 / 18.05.2023
2014-cü ildə Gürcüstan Avropa İttifaqı ilə dərin və hərtərəfli azad
ticarət məkanı haqqında razılaşma (DCFTA) imzaladı.
DCFTA ticarətlə əlaqədar məsələlərin geniş istiqamətini əhatə edir
və ticarətlə bağlı Gürcüstan qanunvericiliyinin Avropa İttifaqı
qanunvericiliyinə mərhələli şəkildə yaxınlaşdırılmasını nəzərdə
tutur.
Dərin və hərtərəfli azad ticarət məkanı nədir, Avropa İttifaqı
bazarı nə deməkdir, Avropa İttifaqına ixrac üçün bizə nə lazımdır
və Gürcüstanın bugünkü şəraitində götürülmüş öhdəliklərin yerinə
yetirilməsi nə dərəcədə realdır?. “Marneuli” radiosu bu məsələlərlə
bağlı iqtisadiyyat üzrə ekspert Qiqla Mikautadze ilə müsahibə
aparıb. Mikautadzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə,
sahibkarların Avropa bazarında olan bu məsələlərlə bağlı düzgün
məlumata malik olması çox mühümdür.
“Siz bilirsiniz ki, 2014-cü ildə biz Avropa İttifaqı
ilə bu razılaşmanı imzaladıq. Razılaşma bizim Avropa İttifaqı ilə
azad ticarətimiz olduğunu nəzərdə tutur. Gürcü məhsulu Avropa
İttifaqı bazarına gömrük vergilərindən kənar daxil olur. İdxal
vergisini biz ödəmirik. Bu kimi razılaşması olmayan ölkələr
ödəyirlər. Sahibkarlar burada iki əsas məsələyə diqqət
yetirməlidirlər. Birinci, əgər kənd təsərrüfatı məhsuludursa,
Gürcüstanda yetişdirilməlidir. İkincisi, əgər emal olunursa, əsas
xammal Gürcüstanın olmalıdır. Sahibkar bu baxımdan hansı tələblərin
olduğunu yaxşı başa düşməlidir və standartlara
uyğunlaşdırmalıdır”.
Mikautadzenin sözlərinə görə, Avropa İttifaqı 27 Avropa ölkəsini
özündə birləşdirir. Avropa İttifaqında 5 milyondan artıq yüksək
gəliri və alıcılıq qabiliyyəti ilə seçilən istehlakçılar
yaşayır.
“Bizə hər hansı sahibkarın hər hansı ölkədə arzuladığı
bazara girmək imkanı verilir. Burada öz biznesinin
genişləndirilməsi üçün unikal imkan var. 27 ölkədən bir-ikisinə
daxil olsan, biznesini inkişaf etdirmək üçün yetərli ola
bilər”.
Qeyd edək ki, 17 may tarixində, Marneuli meriyasında qrant
müsabiqəsi ilə bağlı görüş baş tutub. Müsabiqə yerli kiçik və orta
biznesə dəstək məqsədi ilə elan olunur.
Qrant müsabiqəsini “HEKS-EPER GEORGİA” beynəlxalq təşkilatı, Avropa
İttifaqının (EU) maddi dəstəyi ilə “Vətəndaş cəmiyyətinin sosial,
iqtisadi və siyasi həyatda bərabər, tam iştirakı üçün” layihəsi
çərçivəsində elan edir. Görüşə ekspert Qiqla Mikautadze də dəvət
olunmuşu. O, gürcü məhsulunun Avropa bazarına çıxarılması,
standartları və tələbləri haqqında danışıb.