Marneulidə, Qırmızı Körpü sərhədi yaxınlığında kilsə tikiləcək.
Marneuli Bələdiyyə Məclisi tərəfindən yayımlanmış məlumata görə,
Marneuli və Hucabi Yepiskopu Qiorqinin (Camdeliani) xeyir-duası ilə
“Baş Mələk” adına rahiblər monastırında Müqəddəs Andrianın adına
kilsə tikintisinin təməli atılıb.
Bələdiyyə Məclisi tərəfindən yayımlanmış məlumata görə, kilsə
əhalinin ianəsi ilə tikiləcək.
Əraziyə təntənəli şəkildə xeyir-dua verilməsi tədbirində Marneuli
Bələdiyyəsinin sədri Amiran Qiorqadze, ruhani şəxslər, Kvemo Kartli
qubernatoru Qiorqi Doxturişvili, qubernatorun birinci müavini
Qiorqi Şincikaşvili, Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı,
Marneuli meri Kənan Ömərov, Qardabani meri Davit Qarqareteli,
Bələdiyyə Məclisinin deputatları, yerli özünüidarə nümayəndələri,
dindarlar birlikdə iştirak edirdilər.
“Andria Gürcüstanda xristianlığın ilk təbliğatçısı kimi
tanınır. Marneuli bələdiyyəsində Andria Birinci adına kilsə indiyə
kimi olmayıb və müqəddəsin adına kilsə əhalinin ianəsi ilə
tikiləcək”, – Marneuli Bələdiyyə Məclisi yazır.