Sabah - dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan
hərbi parad keçiriləcək.
Azərbaycan Ordusunun şəxsi heyət parada hazırlıqlarını başa
çatdırıb.
Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox
şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni
qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları,
hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər
nümayiş olunacaq.
Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun
darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir
qismi də nümayiş olunacaq.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə paradında iştirak
edəcək.
Qeyd edək ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli
texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi
küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub. Bakı Şəhər
Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, Rəşid Behbudov
- Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan
keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və
Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli
müəyyənləşdirilib.
Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən
xahiş olunur ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər
prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən
mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz
vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam
məhdudlaşdırılır. Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət
etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən
keçməklə hərəkət etməlidirlər.
Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü
kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və
Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının
yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin
Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa
müəyyənləşdirilib. Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə
hərəkət mümkün olmayacaq. Çünki həmin istiqamətdəki bütün yollara
hərbi texnikalar yerləşdirilib.
Eyni zamanda, Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla
əlaqədar olaraq, Lökbatan - Bayıl - 20-ci sahə, Neftçilər prospekti
- Azneft dairəsi - “28 May” m/st-sı, Nobel prospekti - Xətai
m/st-sı - “28 May” m/st-sı istiqamətində, eləcə də ətraf küçə və
prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət
sxemi müvəqqəti dəyişdirilib.
წყარო: report.ge