Marneuli Karlar İttifaqının benefisiarlarının kompüterlərə ehtiyacı var
Masa, stullar, televizor, masa tennisi və bir neçə stolüstü oyun inventarları – bunlar Marneuli Karlar İttifaqının ofisində olan inventarların siyahısıdır. İttifaqın 30-dək benefisiarı həftədə iki dəfə ofisə toplaşırlar. Bura onlar üçün eyni zamanda informasiya mübadiləsi, problemlərin həlli və əyləncə yeridir.

Benefisiarlar vaxtlarının əsas hissəsini problemlərinin həllinə sərf edirlər, boş vaxtlarında isə stolüstü oyunlar oynayırlar. Karlar İttifaqının tərcüməçisi Emo Osipenkonun “Marneuli” radiosuna bildirdiyinə görə, benefisiarların bəziləri mobil telefondan istifadə etməyi belə bacarmırlar. Buna görə də ictimaiyyətdən və inkişafdan kənar qalıblar.

“Onlardan bəziləri mobil telefondan belə istifadə edə bilmirlər və vəziyyət çox pisdir. İstəmirik ki, benefisiarlarımız cəmiyyətdən təcrid olunsunlar və müasir texnologiyadan istifadə edə bilməsinlər”, – Emo Osipenko benefisiarlarına kompüter öyrətmək istəyir, lakin Karlar İttifaqının kompüteri yoxdur.

Marneuli meriyası ötən il təşkilata masa və stullar verib, lakin Osipenko bizimlə söhbəti zamanı bildirdi ki, resurs çatışmazlığına görə, meriya onlara kompüter ala bilməyib.

“Kompüter istəyirik ki, benefisiarları öyrədək. İstəmirik ki cəmiyyətdən təcrid olunmuş vəziyyətdə qalsınlar. Cəmiyyət inkişaf edir və onlar da öz ehtiyaclarını qarşılamaq üçün ən azından elementar biliyə yiyələnməlidirlər”,
– Emo Osipenko deyir.

Osipenkonun sözlərinə görə, onlar üçün kompüterin keyfiyyəti və sayının elə də əhəmiyyəti yoxdur, yetər ki, 30 nəfərədək benefisiar heç olmasa həftədə iki dəfə müasir texnologiyalardan istifadə etmək imkanına malik olsun.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər