Avropa İttifaqına üzvlük və dəstək ölkəmizin təhlükəsizliyi üçün mühüm şərtdir – Həmrəylik Platformasının üzvlərinin bəyanatı
Həmrəylik Platformasının üzvləri Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusu ala bilməməsi ilə bağlı bəyanat yayımlayıblar.

Onlar müraciətlərində Gürcüstanın qeyri-dominant, etnik və dini icmalarını təmsil edən fəallar olaraq Gürcüstanın Aİ-yə namizəd statusunun alınması ilə bağlı proseslərə fikirlərini bildirdiklərini qeyd ediblər. Həmrəylik Platforması ətrafında birləşən fəal gənclər qeyd ediblər ki, Gürcüstanın gələcəyi üçün Aİ-yə üzv statusunu qazanması vətəndaş bərabərliyinin, millətlərarası həmrəyliyin və rahat cəmiyyət quruculuğunun ilkin təminatçısıdır.

Onların sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra Gürcüstanın Avropa İttifaqına üzv olması ölkənin təhlükəsizliyinə zəmanət almasına imkan yaradır. Bu addım ölkənin təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.

Həmrəylik Platformasının bəyanatını təqdim edirik:

Biz, Gürcüstanın qeyri-dominant etnik və dini icmalarını təmsil edən fəallar,
Avropa İttifaqına (Aİ) namizəd statusunun alınması ilə əlaqədar proseslərə
fikrimizi bildiririk.

Biz, müxtəlif bölgələrdən və müxtəlif etnik və dini icmalardan olan Həmrəylik
Platforması ətrafında birləşmiş fəallar səsimizi ucaldaraq, Avropa idarələrinin,
Gürcüstan hökumətinin və maraqlı tərəflərin Gürcüstanın Avropa gələcəyi ilə bağlı
baxışlarımızı və mülahizələrimizi eşidib, nəzərə alsınlar.

Birbaşa və xüsusilə vurğulayaraq bildirmək istərdik ki, Avropa vektoru və
Gürcüstanın gələcəyi vətəndaş bərabərliyinin, millətlərarası həmrəyliyinin və
inklüziv cəmiyyət quruculuğunun başlıca təminatçısıdır. Bu gün heç vaxt olmadığı
kimi, Gürcüstanda azlıqların hüquqlarının müdafiəsi və bizim Avropa seçimimiz
bir-birindən asılıdır. İnanırıq ki, bizim üçün Avropaya inteqrasiya etmək sistemli
ədalətsizliklərə son qoymaqdan, struktur ayrı-seçkiliyini aradan qaldırmaqdan və
təcridetməni aşmadan ibarətdir.

Avropa İttifaqına üzvlük və dəstək ölkəmizin suveren maraqlarının qorunması və
təhlükəsizliyi üçün mühüm ilkin şərtdir və xüsusən də Ukraynada gedən amansız
və qanlı müharibədən sonra Rusiyadan gələ biləcək təhdidlərin miqyası da və
tərəfdaşlarımızdan Gürcüstan üçün təhlükəsizlik zəmanətlərinin alınmasının
vacibliyi də bizə daha açıq-aşkar görünməkdədir.

Bizim üçün Avropa İttifaqı təkcə göydələnlər, zəngin ticarət mərkəzləri və göz
qamaşdıran şəhərlər yeri deyildir. Bizim təsəvvürümüzdə Aİ dominant olmayan
qrupların güclü səslərinin eşidildiyi, siyasi sistemlərin hüquqları, resursları və
hakimiyyəti ədalətli şəkildə bölüşdürməsinə yönəldiyi, iştiraklı özünüidarə etmənin
fəaliyyət göstərdiyi, həmrəylik cəmiyyətinin qurulduğu siyasi məkandır ki,
vətəndaş dövlət dilini bilməsə belə, hər kəs üçün layiqli minimum əmək haqqı və iş
şəraiti təmin edilir, dövlət xidmətlərindən, proqramlarından və səhiyyə
xidmətlərindən istifadə imkanı ilə təmin edilir.

Biz Aİ-ni təkcə Avropa iqtisadiyyatının qüdrətli olduğu üçün deyil, həm də ona
görə istəyirik ki, Aİ-nin ən yoxsul, ən marginallaşmış və məzlum qrupları
cəmiyyətin və qurumların diqqət mərkəzindədir və bütün maraqlı tərəflər onlara
dəstək olmaq üçün çalışır.

Müvafiq olaraq, biz Avropa Şurasını və digər qurumları qərarların qəbulu
prosesində dominant olmayan Gürcüstan qruplarının səslərini və ehtiyaclarını
nəzərə almağa və bütün insanları müdafiə edəcək qərar qəbul etməyə çağırırıq.
Biz gözəl görürük ki, hakimiyyətin Assosiasiya Sazişindən irəli gələn öhdəlikləri
dəstəkləmək və yerinə yetirmək istiqamətində səyləri olduqca zəifdir. Avropa
institutlarına və tərəfdaşlarına qarşı siyasi ritorika da problemlidir. Buna
baxmayaraq, cəmiyyətimiz bu illər ərzində özünün aydın Avropa oriyentasiyasını
və demokratik cəmiyyət qurma istəyini nümayiş etdirdiyi düşüncəsindəyik.
Xüsusiylə vurğulamaq istəyirik ki, qeyri-dominant etnik qruplarının hüquqları
uğrunda çalışarkən Gürcüstan əhalisi, avropalı dostlarımız, icma liderləri, hüquq
müdafiəçiləri ilə birlikdə mühüm irəliləyişlər əldə etdik. Eyni zamanda, hamımızın
birlikdə gördüyümüz işlərə xələl gətirməmək naminə Aİ-nin namizədliyinə ən çox
ehtiyacımız indi var.

Eyni zamanda, inanırıq ki, namizəd statusundan Aİ-nın tamhüquqlu üzvlüyünə
qədər bizi daha böyük, mürəkkəb yol gözləyir və bu prosesdə biz Gürcüstanın
dominant olmayan qrupları olaraq, Aİ-nın müvafiq qurumları, dövlət müəssisələri
və Gürcüstan vətəndaşları ilə birbaşa işləməyə hazırıq ki, Gürcüstanımızı hamılıqla
tanınan dəyər və prinsiplərin - bərabərliyin, sosial ədalətin və ləyaqətin qorunduğu
və hörmət etdiyi ölkəyə çevirə bilək.

Qeyd edək ki, Həmrəylik Platforması Acarıstan, Samtsxe-Cavaxetiya, Kvemo Kartli, Pankisi və Tbilisi də daxil olmaqla müxtəlif bölgələrdən olan fəalları bir araya gətirir və qeyri-dominant etnik və dini qruplar arasında həmrəylik yaratmaq və onların ehtiyaclarını, narahatlıqlarını və baxışlarını siyasi gündəmə gətirmək məqsədi daşıyır.

Print Email
FaceBook Twitter Google