#mənəgürcüdilinipulsuzöyrət – “Salam” platforması hökumət binası qarşısında şam yandıraraq etiraz etdi – (Foto-Video)
14 iyul tarixində “Salam” platformasının təşkilatçılığı ilə Tbilisidə, hökumət binası qarşısında “Fləşmob” baş tutub. Bu barədə məlumatı “Marneuli” radiosuna müsahibəsi zamanı “Salam”ın həmtəsisçisi Rabil İsmail verdi.

Onun sözlərinə görə, fləşmobun təşkil olunmasının əsas səbəblərindən biri dövlətin etnik azlıqların təhsil almaları ilə bağlı yetərli addımları atmaması olub.
Rabil İsmailin sözlərinə görə, dövlət 1+4 proqramı ilə təhsil alan etnik azlıqlardan ödəniş tələb etməklə dövlət dilini öz vətəndaşına pulla öyrətmiş olur.

“Fləşmob hökumət binasının qarşısında baş tutdu. Harada ki, bütün gün baş nazir və digər məmurlar yığışırlar. Bu birbaşa dövlətə bir mesaj idi. Onlar təhsildə olan problemləri həll etməlidirlər. Biz orada şamlar yandırdıq və şüarlar yazdıq “Mənə gürcü dilini pulsuz öyrət” bu kampaniyanın ən böyük sloqanı idi. Bu sloqanın altında biz nəzərdə tutmuşduq ki, 1 + 4 proqramının pullu olması ədalətsizlikdir. Birinci il pulsuz olmalıdır, vətəndaşlar dövlət dilini öyrənməyə pul ödəməməlidirlər. Bu proqramın yaranma səbəbi o idi ki, etnik azlıqların yaşadıqları bölgələrdə normal məktəb, bağça və müəllimlər yoxdur. Ona görə də dövlət qəbul etdi və kompensasiya şəklində belə bir proqram yaratdılar. Lakin kompensasiya eyni zamanda pul tələb edir. Burada tələbələr 2250 lari ödəyirlər, bu isə bakalavr təhsili qiymətidir bu belə olmamalıdır. Dövlət dili öyrədir və qarşılığında pul tələb edir. Belə bir fləşmobun təşkil olunmasının səbəbi odur ki, Gürcüstanda təhsil islahatları ili sayılır. Düşünürük ki, bir sıra islahatlar olmalıdır. Burada məqsəd 1+4 proqramı pulsuz olması və kəndlərdə məktəblərin təmir olunması idi. Etnik azlıqların yaşadığı bölgələrdə uşaq bağçalarının olmaması böyük problemdir".



O, həmçinin etnik azlıqların yaşadıqları kəndlərdə də təhsillə bağlı müxtəlif problemlərin olduğundan danışdı. Rabil İsmail deyir ki, kəndlərdəki təmirsiz məktəblərlə yanaşı bağçaların olmaması da insanları narahat edən əsas problemlərdən biridir.

“Hal-hazırda, misal üçün, Bolnisidə 12 bağça var və 12 də etnik azlıqların yaşamadığı bölgələrdədir, kəndlərdədir. Dmanisidə 9 bağça var və heç biri azərbaycanlıların yaşadığı kəndlərdə deyil. Bunun özü özlüyündə bir faktdır ki, 30 il ərzində dövlət, nə də yerli və mərkəzi hakimiyyət heç vaxt təhsil sisteminə diqqət ayırmayıb. Etnik azlıqlar üçün təsilin əlçatanlığı yüksək səviyyədə olsun, ən azından normal səviyyədə olsun. Məqsəd bu məsələni gündəmə gətirmək idi. Dövlət 1 + 4 proqramını cəmiyyətə satır. Sanki burada dövlət bir növ qurtarıcıdır, xalqı, gəncliyi qurtarır. Halbuki, bu haqsızca bir addımdır. Dövlət hər bir gəncdən hər il üçün 2250 lari alır və haqsızlıq edir”.



Qeyd edək ki, bu kampaniya platformanın təşkil etdiyi ilk kampaniya deyil. Bundan başqa da “Salam” platforması tərəfindən gürcü dili hazırlıq kursunun pulsuz olması ilə bağlı müxtəlif kampaniyalar həyata keçirilib.

Söhbət Gürcüstanda 2010-cu ildən tətbiq edilən “1+4” proqramından gedir. Proqram abxaz, osetin, erməni və azərbaycan dillərində ümumi qabiliyyət imtahanı verməklə ali təhsil almaq imkanını nəzərdə tutur. Tələbələr bir il ərzində gürcü dili hazırlıq kursu keçirlər və bundan sonra istədikləri fakültədə təhsilə davam edirlər.

Qeyd: "GürcüDiliniPulsuzÖyrət" nəyi nəzərdə tutur?

• #GürcüDiliniPulsuzÖyrət məktəbəqədər təhsilə imkanının bərabər tələbini nəzərdə tutur,
• #GürcüDiliniPulsuzÖyrət keyfiyyətli və ikidilli məktəb təhsilinə tələbi nəzərdə tutur,
• #GürcüDiliniPulsuzÖyrət ali təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutur.



Print Email
FaceBook Twitter Google