Marneulidə “Şotaoba” 21 noyabr tarixində qeyd olunacaq
21 noyabr tarixində Marneulidə “Şotaoba” qeyd olunacaq. Şota Rustavelinin abidəsi əklil və çiçəklərlə bəzədiləcək.

Yerli özünüidarə 200 lari dəyərində çiçəkləri sadələşdirilmiş qaydada fərdi sahibkar Şorena Svianidze-Maçavarianidən artıq alıb. Meriya bir ədəd əklilə 140 lari, 10 ədəd qızılgülə isə 60 lari ödəyib.

Yerli özünüidarədən “Marneuli” radiosuna bildirdilər ki, “Şotaoba” kiçik tədbirlə, Marneuli İctimai Kitabxanasında qeyd olunacaq. Tədbirdə müxtəlif məktəblərin şagirdləri “Pələng dərisi geymiş pəhləvandan” hissələr oxuyacaqlar.

Marneuli Bələdiyyə Məclisi “Şotaoba” bayramının təsis edilməsini 2021-ci ilin 6 avqustunda dəstəkləyib. Bayramın təsis edilməsi təşəbbüsünü meriyanın Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş Şöbəsinin rəhbəri Elquca Kupatadze Bələdiyyə Məclisinin iclasında müzakirəyə çıxarıb. O, qeyd edib ki, xalq bayramı “Şotaoba” bələdiyyədə hər il 20 noyabrda qeyd olunmalıdır.

Qeyd edək ki, Marneulidə Şota Rustavelinin abidəsi rəsmi olaraq 2021-ci ilin 24 noyabrında açılıb. Abidənin alınması və ucaldılması bələdiyyəyə 112 520 lariyə başa gəlib.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər