“Yeni Düşüncə İnstitutunda” “Etnik azərbaycanlı gənclərin milli imtahanlara hazırlaşmasına dəstək” layihəsi çərçivəsində görüş keçirilib
25 dekabr tarixində “Yeni Düşüncə İnstitutunda” “Etnik azərbaycanlı gənclərin milli imtahanlara hazırlaşmasına dəstək” layihəsi çərçivəsində görüş keçirildi. Layihədə iştirak edən, abituriyentlərin hazırlanmasında əməyi olan müəllimlərə təşəkkürnamə təqdim edilib. Bu barədə “Yeni Düşüncə İnstitutunun” təsisçilərindən olan Kamran Əfəndiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Açıq Cəmiyyət Fondunun” dəstəyi ilə həyata keçirilən bu layihəyə Sadaxlı inzibati ərazi vahidliyinə daxil olan kəndlərdən abituriyentlər qoşulmuşdular və hər biri Gürcüstanın müxtəlif Dövlət Universitetlərində tələbə adını qazanıb, oxuyurlar. “Yeni Düşüncə İnstitutunun” tarixində bu layihə ən uğurlu və uzunmüddətli layihələrdən biridir.

“Keçən olduğu kimi, artıq bu il də layihə davam edir və yanvarda, tətildən sonra aktiv şəkildə abituriyentlərlə işləməyə başlayacağıq. Bu dəfə Sadaxlı, Tsopi və ətraf kəndlərdən abituriyentlər bizə qatılacaqlar. Dünənki görüşə gəlincə isə məqsədimiz layihədə iştirak edən müəllimləri təşəkkürnamələrlə təltif etmək idi. Onların bizim əldə etdiyimiz bu uğurda çox böyük əməkləri var. İstədik ki, bütün ictimaiyyət və gələcək abituriyentlər qarşısında müəllimləri təltif edək, gələcək abituriyentlərin maraqlandıqları sualları müəllimlərə ünvanlamaq imkanına sahib olsunlar və bu şəkildə söhbət etmiş olsunlar. Qeyd edim ki, biz təkcə Sadaxlı və ətraf kəndlərdə yaşayan abituriyentlərə xidmət etmirik. Artıq üçüncü il olur ki, imtahana yaxın vaxtlarda imtahanda düşəcək suallara bənzər onlayn şəkildə sınaq imtahanı təşkil edirik. Bu sınaq imtahanları nəticəsində Gürcüstanın hər yerindən – Qoridən, Telavidən, Aqaradan və Kvemo Kartlidən etnik azərbaycanlı gənclər qoşulur və özlərini sınayırlar. Bu isə onların biliklərini daha da inkişaf etdirmələrində böyük rol oynayır”, – Kamran Əfəndiyev dedi.

Hər il olduğu kimi bu il də “Yeni Düşüncə İnstitutu” layihə çərçivəsində 30-dan artıq abituriyentin bu layihədə fəal şəkildə iştirakını gözləyir.

“Bu il də analoji olaraq, yaxın zamanlarda layihəyə başlamaq istəyirik və 30-dan artıq abituriyentin layihədə iştirakını gözləyirik. Paralel olaraq bu il yenilik etmək istədik və üç videoçarx çəkməyi düşünürük. Videoçarxı tanınmış riyaziyyatçı Elvir Həsənoğlu çəkəcək. O, abituriyentlər tərəfindən ən çox ünvanlanan sualları cavblandıracaq. Bu videoçarxı isə sosial şəbəkələrdə paylaşacağıq ki, bizə qoşula bilməyən abituriyentlər maksimum şəkildə yararlansınlar. Bununla yanaşı, sınaq imtahanı may-iyun aylarında hazır olacaq. Abituriyentlərə əyani olaraq Mollaoğlu və Xüldərə kəndlərində gürcü dili və riyaziyyat dərsləri keçirik”.

Qeyd edək ki, “Yeni Düşüncə İnstitutu” artıq 5 ildir, “Açıq Cəmiyyət Fondu” ilə əməkdaşlıq edir və bu layihə çərçivəsində 4 il ərzində 102 abituriyent Gürcüstanın müxtəlif Dövlət Universitetlərində təhsil alır.

Müəllif: Gülçin İsmayılova

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər