Oqtay Kazımov Mirzə Fətəli Axundov medalı ilə təltif olunub

Filoloq Oqtay Kazımov Mirzə Fətəli Axundovun 210 illiyinə həsr olunmuş mükafatla təltif olunub.



Mükafat Axundov ev muzeyinin direktoru Leyla Əliyeva tərəfindən 28 dekabr tarixində Tbilisidə keçirilən “Gücümüz Həmrəyliyimizdədir” adlı tədbirdə təqdim olundu.

Oqtay Kazımov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, belə bir mükafatla təltif olunmaq onun üçün qürurverici hissdir. Onun sözlərinə görə, bu günə qədər o, Axundovun ev muzeyində təşkil olunan bütün görüşlərdə iştirak edib. O, gənclərin məlumatlandırılması üçün muzeydə bir çox işlərin həyata keçirildiyini deyir.

“Tədbirin gedişində Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi ilə bağlı medal ilə təltif olundum. Əlbəttə bu mənim üçün böyük bir xoşbəxtlikdir. Orada keçirilən tədbirlərin azarkeşiyəm və hər birində iştirak edirəm. Həqiqətən də gənclərə bizim mədəniyyətimizin təqdim olunması üçün bir çox işlər görülür. Bu medalla məni təltif etmələri xoş sürpriz idi. İli möhtəşəm şəkildə bununla bağlamış oldum. Yeni ili böyük bir sevinc və stimulla başlamış oldum. Çox təşəkkür edirəm. İnsanın mükafatlandırılması onda xoş təəssürat yaradır”.

Kazımov bu günə qədər Axundovun “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah” pyesini Azərbaycan dilindən gürcü dilinə tərcümə etdiyini deyir.

“Mən əgər bir pyesini tərcümə etməmiş olsaydım, həqiqətən deyərdim ki, mən bu mükafata layiq deyiləm. Bir halda ki, mənim Axundovun yaradıcılığı ilə bir kəsişməm olub və belə bir mükafat almışamsa, bu mənim üçün çox xoşdur. Çəkdiyim müəyyən zəhmət lazımi səviyyədə və həddindən artıq qiymətləndirilib. Əlbəttə bu medal indiyə qədər gördüyüm deyil, indən sonra yaradıcılığını gürcü cəmiyyəti üçün tanıtmaq məqsədi ilə görəcəyim işlərə həsr olunub”.

Oqtay Kazımov gələcəkdə Axundovun əsərlərinin gürcü dilinə tərcümə olunması üçün əlindən gələni edəcəyini qeyd etdi.

Bununla yanaşı tədbirdə çıxış edən iştirakçılara və jurnalistlərə də muzey tərəfindən xüsusi mükafatlar təqdim olundu.

Məlumat üçün bildirək ki, tədbir iştirakçılarına təqdim olunan mükafat Tbilisidə yaradılan Mirzə Fətəli Axundov muzeyinin yaradılmasının 40 illiyinə və Mirzə Fətəli Axundovun 210 illiyinə həsr olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndələri, ziyalılar, gənclər və dəvət olunmuş qonaqlar iştirak edirdi. Tədbirdə çıxış edən qonaqlar Azərbaycan xalqını qarşıdan gələn "Dünya Azərbaycanlılarının Həmrəylik Gününü" və yeni il münasibəti ilə təbrik etdilər.

Qeyd edək ki, bina M.F.Axundovun öz vəsaiti hesabına inşa edilib. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının bu ölkənin rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1996-cı ildə Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev-muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, mədəni irsini təmsil və təbliğ etməkdir. Muzeydə mədəni tədbirlər, görüşlər, konfranslar təşkil edilir.

"Marneuli" Radiosu

 









 

Print Email
FaceBook Twitter Google