Zviad Pipia gürcü dili ikinci dil kimi fənni üzrə ən yaxşı müəllim mükafatını qazanıb
Marneuli bələdiyyəsinin Qaçağan kənd məktəbinin gürcü dili ikinci dil kimi fənn müəllimi Zviad Pipia ən yaxşı müəllim adına layiq görülüb.

Pedaqoq “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, müsabiqədə iştirak etməyə dostunun xahişi ilə razılaşıb. Özünün dediyinə görə, mükafatlandırma mərasimində onun ad və soyadının elan edilməsini həyəcanla və sevinclə qarşılayıb. Zviad Pipia Marneuliyə 15 il əvvəl gəlib. Elə 15 ildir qeyri-gürcüdilli məktəbdə gürcü dilini tədris edir.

“15 il əvvəl, 2008-ci ilin fevralında ilk dəfə məktəbin həyətinə müəllim kimi addım atdım. Yubileyim idi və 15 illik yubileydə belə hədiyyə aldım. Tanımaları və dəyər vermələri məni çox sevindirir, ancaq qeyd edim ki, ən yaxşı müəllim olmaq çox məsuliyyətlidir. Ən böyük hədiyyə şagirdlərim tərəfindən göstərilən isti münasibət, sevgi və minnətdarlıqdır. Bu gün, bu məsələni eşidəndən 4-cü sinif şagirdləri məni dairəyə alıblar və mən onların doğum gününü necə təbrik edirəmsə, onlar da məni elə təbrik etdilər. 2-ci və 4-cü sinifdə məni ayaqda alqışlayaraq qarşıladılar və “təbrik edirik, təbrik edirik” deyə səslənirdilər. Lövhə mənim adımla dolmuşdu. Mənim şagirdlərim ən səmimi şəkildə öz sevinclərini ifadə etdilər”,
– Zviad Pipia bildirdi.

Qeyd edək ki, 2022-ci ilin müsabiqəsi çərçivəsində gürcü dili üzrə ən yaxşı müəllim titulu Çxorotsku bələdiyyəsinin Lesiçines icmasının 1 saylı ictimai məktəbinin müəllimi, Diana Tsurtsumiaya, gürcü dili ikinci dil fənni üzrə ən yaxşı müəllim Marneuli bələdiyyəsinin Qaçağan kənd ictimai məktəbinin müəllimi Zviad Pipiaya, ingilis dili üzrə ən yaxşı müəllim Tsalka bələdiyyəsinin Bareti ictimai məktəbinin müəllimi Ketevan Emraşviliyə verilib. Alman dili üzrə ən yaxşı müəllim statusu isə Tskaltubo bələdiyyəsinin Qequti 1 saylı ictimai məktəbinin müəllimi Natia Kiladzeyə verilib.

Müsabiqədə qalib gələn pedaqoqlar Gürcüstan Elm və Təhsil naziri Mixeil Çxenkeli tərəfindən mükafatlandırılıb. O, müəllimləri qazandıqları uğura görə şəxsən təbrik edib. Nazir qaliblərə şərəf nişanı - ən yaxşı müəllim üçün döş nişanı və müvafiq sertifikat təqdim edib. Bununla yanaşı tərəfdaş təşkilatlar tərəfindən müəllimlərə planşetlər və xüsusi mükafatlar verilib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər