Marneulidə 12-15 aprel tarixlərində Qiorqi Qordeziani adına oxçuluq
kuboku uğrunda yarış keçiriləcək.
Qiorqi Qordeziani Marneuli İdman Məktəbinin məşqçisidir. Onun
təşəbbüsü ilə 2015-ci ildə bələdiyyədə oxçuluğun əsası qoyulub.
Bələdiyyə Məclisinin 23 mart tarixində baş tutan iclasında Marneuli
İdman Məktəbinin rəhbəri Mamuka Naveriani bildirib ki, kubok
yarışları Marneulidə ənənəvi olaraq keçiriləcək.
“Bizim İdman Məktəbinin idmançıları Avropa kuboku yarışlarında
iştirak edəcəklər. İdmançılarımıza uğurlar arzulamaq istəyirəm.
Həmçinin, demək istəyirəm ki, qeyd olunan çempionata hazırlıq
məqsədilə 12-15 aprel tarixlərində Tsereteli kənd stadionunda baş
tutacaq Gürcüstan Milli Çempionatına ev sahibliyi edirik. İndi
deyəcəyim məlumat Qordeziani üçün də sürpriz olacaq. Siz bilirsiniz
ki, Marneulidə oxçuluğun əsası 2015-ci ildə cənab Qiorqinin
təşəbbüsü ilə qoyulub. Qeyd olunan turnirdə Qiorqi Qordeziani adına
kubok uğrunda yarış keçiriləcək. Bu davamlı və ənənəvi olaraq
keçiriləcək”, – Mamuka Naveriani bildirib.
Qeyd edək ki, Marneuli yerli özünüidarəsinin təşəbbüsü və Gürcüstan
Milli Oxçuluq Federasiyasının dəstəyi ilə Marneuli İdman Məktəbi
müasir, beynəlxalq standartlara uyğun iki ədəd yay-ox əldə
edib.