Fitrə zəkat kimlərə verilə bilər və neçə lari təşkil edir?
İslam dinində yetkinlik yaşına çatmış və kasıb olmayan hər bir şəxs Ramazan ayının sonuncu günü fitrə çıxmalıdır. Həmin fitrə isə kasıb, yolda qalmış və vəziyyəti ağır olan insanlara verilməlidir. Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovun sözlərinə görə, Gürcüstandakı qiymətləri nəzərə alaraq bu il üçün adambaşi fitrə zəkatı ən azı 7-8 lari hüdudunda hesablanıb.

“Əlbəttə, onu da qeyd etməliyik ki, insan öz maddi imkanından asılı olaraq ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq.-dan çox götürə bilər. Yetkinlik yaşına çatmış fəqir olmayan hər kəs özü və himayəsində olan (çörəyini yeyən) hər bir nəfər üçün fitrə verir. Hər nəfər üçün 1sa' (təqribən 3 kq) buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və ya bunların dəyəri qədər pul. Yaxşı olar ki maddi vəziyyəti yaxşı olanlar ən bahalı olanın (yəni düyü, xurma və kişmişin) qiyməti dəyərini versinlər. Ən azından yayqın ərzq növünün üzərində hesablanması da məqsədəuyğundur.”

Şeyxin bildirdiyinə görə, fitrə Ramazan bayramının axşamı çıxılır və bayram günü günorta namazına qədər verilməlidir.

“Fitrə bayram axşamı çıxılır, bayram gününün günorta namazına qədər verilməsi gərəkdir. Əgər müəyyən üzürlü səbəbdən nəzərdə tutulan şəxsə çatdırmaq gecikərsə, eybi yoxdur. Müstəhəbdir ki, insan fitrəsini verəndə qohum fəqirləri başqalarından qabağa salsın, sonrakı mərhələdə fəqir qonşularına, sonra isə fəqir elm əhlinə versin. Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, ağır durumda olan borcluya və s. verilə bilər. Fitrə zəkatını möminə vermək müstəhəbdir. Seyyid olmayan şəxs, seyyidə fitrə zəkatı verə bilməz. İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil. Müəyyən işi və qazancı olsa da, ailəni idarə etməyə kifayət etmir. Bir sözlə çox çətinliklə dolanır.”

Qeyd edək ki, bu il astronomik hesablamalara görə, Ramazan bayramı aprel ayının 21-ə təsadüf edəcəyi ehtimal olunur.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər