Marneulidə, sevgililər günü güllərin qiyməti neçəyədir?
Bu gün, 14 fevral Sevgililər Günü kimi qeyd olunur. Ənənəvi olaraq sevgililər bir-birlərinə hədiyyələr alırlar. Həmçinin, Marneulidə də bu hal müşahidə olunur. Gənclərlə yanaşı, yaşlılar da bu günü qeyd etdiklərini bildirirlər.

“Qoca qarıma” gül aldım. Mən arzu edirəm, bütün ailələrdə, bütün gənclər, yaşlılar, hər kəs öz xanımına hörmətlə yanaşsın. Onları yaddan çıxarmasınlar, gül alsınlar və təbrik etsinlər”, - sevgililər gününü qeyd edən təqaüdçü vətəndaş deyir.

Bu günə xas olaraq Marneuli bazarında bir çox yumşaq ayı, təbii və süni güllər, tort-şirniyyatlar, eləcə də aksessuarlar satılır.

“Sevgililər gününə xüsusi olaraq tortlarımız var. 25 larilik tortlar, bu gün üçün 20 laridir. Eyni zamanda sifarişlər qəbul edirik”, - şirniyyat məmulatları işçisi bildirdi.

Satıcıların bildirdiklərinə görə, onlar sevgililər günü üçün xüsusi olaraq alıcılara bir sıra endirimlər edirlər. Eləcə də, sifarişlər qəbul etdiklərini bildirirlər.

Marneuli bazarında 14 fevral sevgililər gününə xas satılan əşyaları və qiymətlərini sizlərə təqdim edirik:
  • 1 ədəd təbii gül - 4 lari, 3 ədəd - 10 lari,
  • 1 buket süni gül - 60 lari,
  • 1 ədəd qızılgül - 10 lari, endirimlə - 9 lari,
  • 1 buket gül, sifarişlə - 120 lari,
  • Böyük ölçülü oyuncaq ayı - 150 lari, kiçik - 25 lari.
Mənşəyini Roma Katolik Kilsəsinin inancından götürən bu gün Valentin adlı bir din xadiminin adına elan edilən bayram günü kimi ortaya çıxdı. Bu səbəbdən bəzi cəmiyyətlərdə “Müqəddəs Valentin Günü” kimi tanınır. Valentin sözü Qərb sivilizasiyalarında da bəyənilən insan və ya sevgili mənasında istifadə olunur.

Print Email
FaceBook Twitter Google