Marneulili cütlük tərəfindən təsis edilən EV Terapiya Mərkəzi fəaliyyətə başlayıb
Marneulidə EV Terapiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Marneulili cütlük psixoloq Emin Yadigarov və həyat yoldaşı ibtidai təhsil üzrə pedaqoq Vüsalə Qayalova tərəfindən təsis olunub.

Mərkəz psixololoji və psixo-pedaqoji məsləhətlər sahəsində xidmət göstərir. Bu barədə təsisçilər, Yadigarov və Qayalova bildirirlər ki, onlar psixoloji, psixo-pedaqoji və art terapiya istiqamətləri üzrə irəliləyirlər.

“EV terapiyanın məqsədi insanlara evlərindəki hüzuru və eyni zamanda güvən duyğusunu hiss etdirməkdir. Psixoloji, psixo-pedaqoji və art terapiya xidmətləri ilə cəmiyyətimizə xidmət göstərməkdədir. Biz birlikdə səfərdə olduğumuz zaman psixoloji və psixo- pedaqoji mövzularda müzakirələr aparırdıq. Müzakirələrdən bu qənaətə gəldik ki, cəmiyyətimiz üçün faydalı olan terapiya mərkəzi formalaşdıraq. Bu terapiya mərkəzi vasitəsilə insanda olan 2 əsas istiqamətə yönəldik, emosional ve psixi vəziyyətlərinə. Bu terapiya növlərində əsas məqsəd insan əhval-ruhiyyəsində baş verən hadisələri anlamlandırmaq və onlara daha yaxşı hiss etmələrinə köməklik göstərməkdir”, - Vüsalə Qayalova dedi.

Emin Yadigarov "Marneuli" radiosu ilə söhbəti zamanı mərkəzin stress, güclü narahatlıq, özünəinamsızlıq və diğər problemləri mənalandırmaq və onlara kömək etmək məqsədi daşıdığından bəhs etdi.

“Mərkəzimiz hal-hazırda üç əsas məqsədə xidmət edir. Birinci xidmət növümüz psixoloji dəstəkdir. Bu, əsasən narahatlıq pozğunluğu, stress, özünəinamsızlıq və diğər problemləri mənalandırmaq və onlara kömək etmək məqsədi daşıyır. Bunlar 14 yaşdan yuxarı qruplar üçün nəzərdə tutulub. Digər xidmətimiz psixo-pedaqoji xidmətdir ki, 7-17 yaş qrupları üçün nəzərdə tutulan xüsusi konsultasiya növüdür. Burada əsasən xüsusi uşaqlarla işləniləcək. Məqsədi müxtəlif oyunlarla uşaqların inkişafına töhfə verməkdir. Üçüncü xidmətimiz isə Art Pedaqogika/Art Terapiyadır. Bu isə gənclər, uşaqlar, yetişkinlər üçün nəzərdə tutulub. Məqsəd fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir. Hesab edirəm ki, nəticələr haqqında danışmaq hələ tezdir. Bizim diqqətimiz daha çox proses yönümlüdür”,- Emin Yadigarov bildirdi.

Onlar qeyd edirlər ki, hər gün daha yaxşı olmaq üçün əllərindən gələni edəcəklər.

“Düşünürəm ki, həyat yoldaşım və mən indi hələ yolun başlanğıcındayıq. Hər gün bir az daha yaxşı olmaq üçün əlimizdən gələni edəcəyik. Uğursuz olacağımız zamanlar da olacaq, uğur qazanacağımız vaxtlar da. Prosesin uğurlu olması uğursuzluqlarımızı nə qədər yaxşı qiymətləndirə biləcəyimiz və onlardan nə dərəcədə öyrənə biləcəyimizdən asılı olacaq. Bu da, zaman ərzində müştərilərimizin etibarı, rəyləri nəticəsində aydın olacaq”, - Vüsalə Qayalova deyir.

Mərkəzin təsisçiləri bildirirlər ki, insan sosial bio-psixoloji varlıqdır. Sosial ehtiyaclar münasibətlərimiz, bioloji ehtiyaclar həyati fəaliyyətini saxlama, qida, uyğun yaşayış şəraiti və psixoloji ehtiyaclarımız. Bunlar mənalı və şən həyat üçün vacib olan ehiyaclardır. İnsan öz potensialı qədər həm sosial varlıqdır həm də fərddir. Psixoloji ehtiyacların başında yaradıcılıq, özünə hörmət, özünəinam, uğur, başqalarına hörmət, başqaları tərəfindən hörmət, problem həll edən, qərəzsiz, həqiqəti qəbul etmə və başqa şeylər gəlir. Bu terapiya mərkəzi bu cür ehtiyacların tarazlıq içində yaşaması üçün xidmət edəcək.

Print Email
FaceBook Twitter Google