Azərbaycanın Gürcüstandakı səfirliyi tələbələr üçün inşa müsabiqəsi elan edir
Azərbaycanın Gürcüstandakı səfirliyi “Azərbaycan və Gürcüstanın beynəlxalq nəqliyyat dəhlizlərində rolu” mövzusunda inşa yazı müsabiqəsi elan edib. Müsabiqə Gürcüstanın ali məktəblərinin tələbələri üçün nəzərdə tutulub.

Bu barədə "Marneuli" radiosuna səfirlikdən məlumat verilib.

"Dünyada və regionda cərəyan edən proseslər fonunda Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ başlayıb. Azərbaycan və Gürcüstanın həyata keçirdiyi xarici siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin edilməsini və nəqliyyat layihələrinin icra olunmasını vacib məqamlar kimi qeyd etmək mümkündür. Hər iki ölkə coğrafi mövqeyi, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional logistika, tranzit mərkəzi kimi seçilir. Tarixi İpək Yolunun bu ərazidən keçməsi isə logistika sahəsində qədim ənənələrin mövcudluğunun göstəricisidir. Qədim İpək Yolunun bərpası istiqamətində mühüm həlqə olan Azərbaycan, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Qeyd edilməlidir ki, Gürcüstanla Azərbaycan arasındakı strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlər bu layihələrin birgə icrası və uğurlu nəticələrin əldə olunmasına böyük zəmin formalaşdırır. Eyni zamanda, nəqliyyat layihələri mövcud geosiyasi reallıqlar çərçivəsində həm Azərbaycanın, həm də Gürcüstanın tranzit imkanlarının və geostrateji əhəmiyyətinin daha da artırılması üçün əlverişli imkan yaradır", – məlumatda deyilir.

Müsabiqədə iştirak etmək istəyən tələbələr ixtisaslarına uyğun olaraq, qeyd edilən mövzunun üç aspektindən (beynəlxalq hüquqi, iqtisadi və geosiyasi) biri üzrə Azərbaycan və ya ingilis dilində inşa hazırlayaraq martın 5-dək səfirliyə göndərməlidirlər.

İnşalar səfirlik tərəfindən “mövzunun əhatə olunması, analizetmə və proqnozvermə” meyarları üzrə qiymətləndiriləcək və ilk üç yeri tutan tələbələr müxtəlif hədiyyələrlə təltif olunacaqlar.

İnşanı göndərmək üçün link: https://forms.gle/2kwyFunfobtAxLW5A

Müsabiqə ilə bağlı əlavə məlumat almaq istəyən şəxslərdən səfirliyin aşağıda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: 577 34 80 00

Print Email
FaceBook Twitter Google