Marneuli bələdiyyəsində kəndə dəstək proqramı çərçivəsində
görüşlərin keçirilməsi davam edir.
Bu görüşlərdən biri də Kürtlər ərazi vahidliyinə daxil olan -
Kürtlər, Baydar və Böyük Muğanlı kəndlərində baş tutdu.
İlk görüş bu gün, 23 fevral tarixində Baydar kəndində keçirildi.
Əhali problem olaraq küçə işıqlarını, daxili yolları, uşaq
bağçasının olmamasını səsləndirdilər. Sonda kənd sakinləri
prioritet olaraq küçə işıqlarının quraşdırılmasını
dəstəklədilər.
Növbəti görüş Kürtlər kəndində keçirildi. Görüşdə kənd sakinləri
fəal şəkildə iştirak edirdilər. Əhali kənddə olan problemləri
meriya nümayəndələrinin nəzərinə çatdırırdılar.
Sakinlər içməli su, daxili yoların bərbad olması, suvarma üçün
nəzərdə tutulan su nasosunun xarab olması, uşaq bağçasının olmaması
kimi problemlərdən danışdılar. Onlar qeyd etdilər ki, onları bu
kimi problemlər çox narahat edir. Həll olunmasını xahiş
etdilər.
Meriya nümayəndələri təklifləri dinlədilər və qeydlər apardılar.
Bildirdilər ki, əhalinin prolemləri mərhələli şəkildə həll
olunacaq. Görüşdə meriya nümayəndələri əhaliyə küçə işıqlarının
quraşdırılması təklifini etdi. Əhali də təklifi dəyərləndirərək,
küçə işıqlarının quraşdırılmasını dəstəklədi. Ötən il də Kürtlər
sakinləri küçə işıqlarının quraşdırılmasını dəstəkləmişdilər.
Daha bir görüş isə Böyük Muğanlıda keçirildi. Burada da əhali küçə
işıqlarının quraşdırılmasını dəstəklədilər.
Meriya nümayəndələri “Marneuli” radiosuna bildirdilər ki, hər üç
kənddə keçirilən ümumi toplantıların legitimliyi üçün kifayət sayda
səs toplayıblar.
Kürtlər ərazi vahidliyinə mərkəzi büdcədən vəsait belə ayrılıb:
- Kürtlər kəndi - 20 000 lari
- Baydar kəndi - 16 000 lari
- Böyük Muğanlı kəndi 20 000 lari
Qeyd edək ki, prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə
görüşlər 12 fevral tarixindən başlanılıb və 26 fevralda sona
çatdırılacaq.
Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarda
Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.
Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10
000 lari, ən çox isə 20 000 lari nəzərdə tutulub.