Tea Tsulukiani Marneuliyə səfəri zamanı bildirib ki, “Kəsik təpə” muzeyi üçün 5 milyon lari vəsait ayrılıb
Marneuli bələdiyyəsinin İmir kəndində yerləşən “Kəsik təpə” muzeyinin tikilməsi üçün 5 milyon lari ayrılıb.

Mədəniyyət naziri Tea Tsulukiani 22 fevral tarixində İmir kəndində yerləşən “Kəsik təpə” arxeoloji kompleksini ziyarət edib. Qeyd olunan səfər haqqında “Marneuli” radiosuna məlumat verilməmişdi. Gürcüstan Mədəniyyət və İdman Nazirliyi tərəfindən yayımlanmış videoda Tea Tsulukiani qeyd edir ki, işlərin bir qismi iyun ayına qədər başa çatdırılacaq, növbəti mərhələ isə ərazinin abadlaşdırılması üçün nəzərdə tutulub.

“Mədəni irs və dünya əhəmiyyətli arxeoloji zona olan bu məkan təbiətin təsirlərinə görə, istər külək, istər yağış olsun real olaraq təhülkə qarşısında idi. Biz ayrıca qurum olduqdan sonra cənab Levan Davitaşvili bizim diqqətimizi bu məsələyə yönəltdi. Biz üç il əvvəl burada olduq və məhz onda bələdiyyənin xüsusi dəstəyi ilə bu ərazinin Mədəni İrs Agentliyinə verilməsinə qərar verildi. Biz bu arxeoloji zonanın qorunması üçün vəsait ayırmağa başladıq. “Kəsik təpə” açıq səma altında muzey və eləcə də maarifləndirici elmi zona olacaq. Böyük ümid edirəm ki, burada arxeoloji qazıntılar davam etdiriləcək”, – Tea Tsulukiani bildirib.

Mədəniyyət Nazirliyinin məlumatına görə, obyektin qorunması və inkişafı məqsədilə yaradılmış layihədə onun dam örtüyü, yol və mühəndis infrastrukturu, parkinqin qurulması nəzərdə tutulub. Fermalardakı piyada pandusuna qalxaraq arxeoloji abidəni ziyarət etmək, ətraf mühiti və mənzərəni izləmək mümkün olacaq.

Obyektdə arxeoloji qazıntılar 2006-cı ildə başlayıb. Ekspedisiyaya professor Mindia Calabadze rəhbərlik edirdi. 2014-cü ildən daha genişmiqyaslı işlərə başlanılıb.

2015-ci ildə gil qab aşkar edilib və analiz üçün ABŞ-ın Filadelfiya Universitetinə göndərilib. Orada qabın məsamələrində 8 000 illik şərab qalıqlarının qaldığı müəyyən edilib. 2017-ci ildə bu arxeoloji kəşf dünyanın 10 ən mühüm kəşfi sırasına daxil edilib. Bu Gürcüstan torpağını şərab beşiyi kimi təqdim edən zəngin tarixi ortaya qoyur.

20 fevral tarixində İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, Ekologiya və Kənd Təsərrüfatı naziri Otar Şamuqia, Gürcüstanın Mədəniyyət və İdman naziri Tea Tsulukiani, yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə birlikdə obyektə baş çəkiblər. Onların arasında mer Kənan Ömərov və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze də olub.

Print Email
FaceBook Twitter Google