“Bu il Ramazan ayının ilk gününün martın 11-nə təsadüf
edəcəyi ehtimal olunur. Amma dəqiq vaxtı ayın görünməsindən sonra
məlum olacaq”,
– bu sözləri “Marneuli” radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan
Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev dedi.
“İlk öncə qeyd etmək istəyirik ki, mübarək Ramazan
ayının gəlişi insanın özü ilə məşğul olması, mənəvi rəngə boyanması
üçün Allah tərəfindən ona veriləcək gözəl fürsətdir. Bu ayda Quran
nazil olub, hədislərə görə, oruc tutan şəxsin nəfəsinə belə savab
yazılır. Ümumilikdə Allah Təala bu ayda öz bəndələrinə böyük savab
və rəhmətlər təqdim edir. Ona görə bütün mömin və möminələr, oruc
tutan əzizlərə tövsiyəm budur ki, çalışıb bu ayda bir-birilərini
acılamasınlar, mübahisə etməsinlər. Təbii ki, dini biliklərə sahib
olanların, fiqhi bilənlərin müzakirəsi, dost məclisi gözəldir. Odur
ki, mübahisə və acılamaq olmadan dini məsələləri müzakirə etmək özü
də, öyrənib-öyrənmək də savabdır. Ayın görünməsi, təqvimlə üst-üstə
bəzən düşməməsi məsələsinə gəldikdə isə biz bilirik ki, İslam
Dininin şəri məsələləri, fiqhi mövcuddur. Ayın görünməsi məsələsi
ilə bağlı hökmlər İslamdan gələn mövzulardır. Peyğəmbərdən belə bir
hədis var ki, Hilalı (Ramazan hilalı) görüncə oruca başlayın,
hilalı (Şəvval hillalı) görüncə bayram edin. Hava buludlu olarsa,
içində olduğunuz ayı otuza tamamlayın. (Hədis Səhih Buxari və Səhih
Müslimdə var). Bu cür çox sayda hədislərimiz var. İslamın ümumi
rəyi budur ki, ay görünəndən sonra Ramazan ayı niyyəti ilə oruca
başlayırıq, Şəvval ayının hilalının görünməsi ilə (görünməsə 30 gün
oruc tuturuq) Fitr bayramını qeyd edirik. Ramazan ayının ölkələr
tərəfindən bir gün fərqlə elan edilməsi fiqhi nəzəriyyələrlə
əlaqəlidir, həmçinin üfüq fərqi də diqqətə
alınır”.
Şeyxin sözlərinə görə, oruc təkcə müəyyən saatda ac qalmaqdan
ibarət deyil və yalan, pis işlərdən də uzaq olmalısan.
“Fiqhi baxımdan orucu batil edən əməlləri etməyən
şəxsin orucu düzdür. Lakin mənəvi olaraq orucun fəlsəfəsi insanın
bütün üzvlərinin oruc olmasıdır. Yəni insan günahdan, qeybətdən,
yalandan, pis işlərdən nə qədər uzaq olarsa, onun orucunun o qədər
dəyəri vardır”.
Nəbiyev xəstə və bəzi səbəblərə görə oruc tuta bilməyən insanlara
da məsləhət gördü.
“Xəstəlik səbəbinə görə üzrlü şəxslər oruc tuta
bilmirlərsə, bu ayda ehsan versinlər, kasıblara əl tutsunlar,
imkansız qocaların dərmanlarını, ehtiyaclarını ödəsinlər. İftar
verməyin də böyük savabları vardır. Xəstəlik səbəbindən oruc tuta
bilməyən imkansız şəxslər günahlardan çəkinsələr, hər gün Allahdan
bağışlanma istəsələr, yaxşı əməllər etsələr, şübhəsiz onlara da
savab yazılacaqdır”.
Nəbiyev dediyinə görə, bu ayda insanlar quran oxumalıdırlar və
ibadət etməlidirlər.
“Ümumilikdə bu ay rəhmət dolu bir aydır. Quran oxumaq,
Allahı zikr etmək, iftar vermək, yaxşılıq etmək, gecələr ibadət
etmək, günahlardan çəkinmək, əxlaqını gözəlləşdirmək, onu Allaha
yaxınlaşdıran məclislərdə iştirak etmək, həmçinin onu Allaha
yaxınlaşdıran təfəkkürü etmək böyük savabları olan, tövsiyə olunan
əməllərdir. Qədr gecələrində oyaq qalıb gecənin əməllərini etmək də
çox tövsiyə olunur. Bir cümlə ilə sizin sualınıza cavab vermək
istəsək, belə deyərik. Bu ay Allaha yaxınlaşdıran əməlləri etmək,
Allahdan uzaqlaşdıran əməllərə peşman olub uzaq durmaq ən böyük
tövsiyə olunan əməllərdir. Fürsətdən istifadə edib, oxucularınıza
Allahdan ibadət və itaətlərinin qəbul olmasını, Mübarək ayın
bərəkətini nəsib etməsini arzu edirəm. Kollektivinizə də uğurlar
diləyirəm”.
Müsəlmanlara o da tövsiyə olunur ki, ehtiyata görə bir gün öncədən
oruc tutmağa başlasınlar.
İslam dinində Ramazan ayı ən şəfqətli və ən müqəddəs aylardan biri
hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar. Orucluq
öz tarixini hicrətin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən
Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olunandan başlayır. Məhz
Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil
olmuşdur. Deyilənə görə, bu həmin ayın son 10 gecəsində baş
vermişdir. Bu gecə “Leylət al-Qədr” – qiymətli, qüdrətli, əzəmətli
gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Qədr gecəsi min
aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər
bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi
salamatlıqdır!”
Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (miladi
622-ci il) ilində təyin edilmişdir. Ramazan ayı insanlara Allahı
sevməyi öyrədir, onlara öz iradələrini, dözümlüyünü yoxlamaq imkanı
verir, onları təmiz vicdanlı olmağa yönəldir və bu da oruc tutmaqla
ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona “Ramazan
orucu” da deyirlər.