Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) 8 mart
tarixində Adiqeni Bələdiyyəsində baş vermiş hadisə ilə bağlı
bəyanat yayıb
və qeyd edir ki, həmin hadisə sarsıdıcı və üzücüdür. İdarə bildirir
ki, bəzi insanlar hələ də başqalarının din və əqidəsinə hörmət
etməyi öyrənə bilməyiblər.
Həmin bəyanatı sizə təqdim edirik:
“Samtshe-Cavaxeti bölgəsinin Adiqeni Bələdiyyəsində
yerli müsəlmanlara qarşı bəzi qüvvələrin təzyiqi xəbəri hamı üçün
sarsıdıcı və üzücü oldu.
Çox Acınacaqlı haldır ki, ölkə vətəndaşlarının bəziləri hələ də
başqalarının din və əqidəsinə hörmət etməyi öyrənə bilməyiblər.
Hər kəs birgə dinc yanaşı yaşamadan, insani dəyərlərdən və
tolerantlıqdan danışır, amma əməldə isə tam əksi görünür.
Gürcüstan Konstitusiyası hər vətəndaşının dini haqlarını
tanıyarkən, ölkə müsəlmanları yenə də dini inanc, əqidə və
ibadətlərə görə ayrı seçkiliyə məruz qalırlar. Onların hüquqlarını
tapdalanır.
Heç kəs unutmamalıdır ki, yalnız və yalnız insani keyfiyyətlərə
yiyələnməklə, tolerantlıq və dözümlülük və habelə qarışılıqlı
ehtiramla mütərəqqi bir ölkə qurmaq arzusunu çiçəkləndirmək
müyəssər olaracaq. Bunun əksi olaraq kin, ədavət və bölücülüyün,
nifaq və nifrət toxumunun səpilməsinin isə hər şey və hər kəs üçün
nə qədər ziyanverici olması heç bir şüuru varlıq üçün qaranlıq
deyil.
İslam dini və müsəlmanlar əsirlər boyu Gürcüstanın ayrılmaz bir
parçası olaraq, hər zaman ölkənin tərəqqi, təkamül və mədəniyyətinə
öz töhfələrini vermiş və günümüzdə də verməyə davam edir.
Məlum məsələdir ki, müxtəlif dinlər, əqidələr, məzhəblər və
mədəniyyətlərin bir ölkədə varlığı, həmin ölkənin zənginliyi
sayılır.
Elə isə Ölkəmizdə islama və müsəlmanlara qarşı olan nifrət dili
yığışdırlmalıdır.
Bu ölkənin hər şeydən daha çox sülhə ehtiyacı olduğunu hamı yaxşı
anlamalı və bilməlidir.
Ölkədə milli və ya dini zəmində qarşıdurma yaratmaq, azlıqlara
qarşı diskriminasiya törətmək, ölkəmiz barəsində mənfi fikir də
formalaşdırır. Buna isə heç kəs imkan verməməlidir.
Bu məsələdə əsas və böyük məsuliyyət isə hakimiyyətin üzərinə
düşür.
Biz də öz növbəmizdə tərəfləri təmkinliyə, qarşılıqlı ehtirama və
sülhə dəvət edirik.
Allah Gürcüstanımızı qorusun!”.