GİPA "Media Lab"-ın foto müsabiqəsində Marneulidən 3 komanda qalib oldu
31 mart tarixində GİPA-nın “Media Lab” layihəsi çərçivəsində Marneuli bələdiyyəsində yerləşən Çay Evində foto müsabiqəsi keçirildi.
GİPA “Media Lab” layihəsi artıq 6 ildir, həyata keçirilir. Kvemo-Kartlidə və Samtsxe - Cavaxetidə yaşayan gənclər jurnalistikanın prinsiplərini, video və foto çəkmək qaydalarını öyrənirlər. Layihə çərçivəsində əsərlərin təqdimatı baş tutur və ən yaxşı əsərlər mükafatlandırılır.

Layihədə iştirak edən gənclər münsiflərə hazırladıqları mövzuları təqdim etdilər. Daha sonra münsiflər müxtəlif kateqoriyalar üzrə mövzuları seçdi və müəlliflər hədiyyələrlə təltif edildilər.

“Düşünürəm ki, fotoaparatdan istifadə, təqdimat etmək bacarığı və montaj proqramlarında işləmək mənim üçün faydalı olacaq. Gələcəkdə jurnalistika üzrə təhsil almaq istəyirəm və inanıram ki, “GİPA Media Lab” layihəsi mənim üçün uğurlu olacaq”, - qaliblərdən İsmayıl Cəlilov bildirdi.

2-ci yeri qazanmış İsə Səmədov “Marneuli” radiosuna bildirdi ki, qalib olmaq onun üçün sevindirici hisdir.



“Burada bizə bir çox bilik və bacarıqlar öyrədirlər və mən əminəm ki, bu biliklər gələcəkdə çox işimizə yarayacaq. Mən gələcəkdə pedaqoq olmağı planlaşdırıram. Burada öyrəndiyim bilik və bacarıqlar vasitəsi ilə əlavə bir sahə üzrə təhsil almağı düşünürəm”, - İsə Səmədov dedi.

Daha bir qalib iştirakçı Qarik Qasparyan qalibiyyətin onun üçün motivasiya mənbəyi olduğunu vurğuladı.

“İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Sosial və Siyasi Elmlər fakültəsinin Beynəlxalq Əlaqələr proqramında oxuyuram. Müxtəlif layihələrdə fəal şəkildə iştirak edirəm. Uşaqlıqdan fotoaparatı və maraqlı bir şey çəkməyi sevirdim. GİPA Media Lab layihəsində iştirak etmək mənim üçün çox önəmlidir. Qalib olmaq çox yaxşı hisdir. Bir şeyi etmək üçün çox böyük vaxt və enerji sərf edirik sonra qalib oluruq”, - Qarik Qasparyan dedi.

“Media Lab” layihəsi 2017-ci ildən etibarən etnik azərbaycanlı və ermənilər yaşayan bölgələrdə, Kvemo-Kartli və Samtsxe-Cavaxetidə həyata keçirilir. Layihənin meneceri Nino Maxviladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, layihənin məqsədi etnik azlıqların inteqrasiya səviyyəsinin artırılmadır.

“Biz bu layihəyə 2017-ci ildə, Gürcüstan İctimai İşlər İnstitutu (GİPA) və Amerikanın Gürcüstandakı səfirliyinin maddi dəstəyi ilə başladıq. Hər kəs Tbilisiyə, GİPA-ya gələ bilmir. Regionlarda yaşayan gənclərin fiziki olaraq paytaxta gəlməyə və təhsil haqqını ödəməyə imkanları yoxdur. Bölgələrdə çox istedadlı gənclərin olduğuna inanırdıq”.

Maxviladzenin sözlərinə görə, bu təşəbbüsü GİPA-nın dekanı olan Nino İvanişvili irəli sürüb. Qərar verib ki, GİPA-nın özü dil baryeri mövcud olan bölgələrə getsin.

“Buradan irəli gələrək fikirləşdik ki, etnik azlıqlar yaşayan bölgələrə gedək. Məqsəd etnik qrupların inteqrasiyasının gücləndirilməsidir. Biz müşahidə edirdik ki, Kvemo-Kartlidə yaşayan gənclər təhsillərini davam etdirmək üçün Azərbaycana və ya Türkiyəyə, Samtsxe-Cavaxetidə yaşayan gənclər isə Rusiya və ya Ermənistana gedirdilər. Daha sonra orada qalırdılar və geri vətənə qayıtmırdılar”, -
Nino Maxviladze qeyd etdi.

Maxviladze bildirir ki, gənclər buradan aldıqları bilik-bacarıqlarını daha sonra yerli medialarda və digər sahələrdə istifadə edirlər.

Aşağıda sizlərə qalib olan foto-hekayələri və müəlliflərini təqdim edirik:

  1. Yer - Mədəniyyətlərin kəsişməsi - Dərya Muradova, Əminə Muradova,
  2. Yer - Doğruyu danışan yalançı - İsə Səmədov, İsmayıl Cəlilov,
  3. Yer - Yalnızlığın izi - Gülüzar Orucova, Pınar Xudiyeva


  • Xüsusi mükafat - Bir çamadan nağıl - Qarik Qasparyan
  • Xüsusi mükafat - Ölüm Sevinməsin Qoy - Elvin Daşdəmirov, Eşqin Məmmədov,
  • GİPA-nın xüsusi mükafatı - Ruslan Məmmədov, Çinarə Nəbiyeva, Asim İsayev və Əminə Əhmədova.
  • Ən yaxşı foto - Elif Ayvazova, Yağmur Əfəndiyeva, Səma Bediyeva.


Qalib olan komandalar “GİPA Media Lab” tərəfindən mobil telefon, planşet və “powerbank” ilə təltif olundular.

Qeyd edək ki, “Media Lab” layihəsi artıq 6 ildir ki, Gürcüstan İctimai İşlər İnstitutunun və Amerikanın Gürcüstandakı Səfirliyinin maddi dəstəyi ilə həyata keçirilir. Bu layihədə 2017-ci ildən bu günə kimi 500-dən artıq gənc iştirak edib.

Xatırladaq ki, “Yeni Düşüncə İnstitutu” Gürcüstan İctimai İşlər İnstitutunun həyata keçirdiyi “GİPA Media Lab” layihəsinin yerli tərəfdaşıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google