QOÇU ƏSGƏRİN KEÇİSİ – Azər Musaoğlunun səsli fikri
Yəqin ki, məşhur “O olmasın, bu olsun” filmindəki keçi ilə bağlı epizod yadınızdadır. Qoçu Əsgərin keçisi bazarda sahibi kimi ağayana gəzir, yetənə yetir, yetməyənə buynuz atır, ürəyi istədiyini, ağzı çatdığını dədə malı kimi yeyib dükan sahiblərini heç quyruğuna da almır. Amma bir gün bu keçinin də qulağını burub mələdən tapılır. Sahibinin qoçuluğundan ilhamlanaraq dükana soxulub kişmişi yeyən keçinin qulağından tutub buran tacir ona adam dilində müraciət edərək deyir: “Keçi, ay keçi, bu ehsan deyil, ay heyvanın biri, deyirəm sənə çıx get”. Tacir bu sözləri, bəlkə də, keçinin sahibinə ünvanlayır, yəni a qızım sənə deyirəm, a gəlinim sən eşit. Gəlin eşitdikdə isə bazar qarışır bir-birinə, o boyda camaat bir dılğır keçinin zibilinə düşür, daha doğrusu, keçinin yox, keçinin buynuzlu sahibinin...

Bu yazının qəhrəmanı isə keçi yox, inəkdir, dəqiq desək, inəklərdir. O inəklər ki, şəhərin bütün parklarını (qeyd edim ki, Qardabanidə irili-xırdalı üç istirahət parkı var) Qoçu Əsgərin keçisi kimi ağayana gəzib-dolaşırlar; yeni əkilmiş dekorativ ağacları, kolları yeyirlər; oturacaqlara, işıq dirəklərinə sürtünərək qaşınırlar; daş döşənmiş cığırları, yolları, uşaqlar üçün oyun meydançalarını batırırlar və üstəlik acıq verirlərmiş kimi ağacların kölgəsində uzanıb yedikləri dekorativ kolların, ağacların bahalı qalıqlarını mədələrindən ağızlarına qaytararaq həyasızcasına gövşəyirlər. Elə bil parkda yox zoparkdadırlar. Şəhərin sakinlərinin tez-tez rast gəldiyi bu mənzərəyə biganə qalmayanlar bu həyasız inəkləri parklardan qovmasalar axşama kimi beləcə öz keflərində-damaqlarında olurlar, axşam da durub gedirlər öz tövlələrinə.

Bəlkə də inanmayacaqsınız, amma vallah, billah, mən bu inəkləri 2011-ci ildən görürəm, o vaxt da eynən indiki kimi şəhərin mərkəzində yerləşən, ortasında gürcü və azərbaycanlı dostluğunu simvolizə edən tar və çonquri abidəsi olan susuz fantanın ətrafında beləcə fırlanırdılar. Hətta, şəkilləri gənclərin nəşr etdirdiyi jurnalda da verilmişdi. İnanmayanlara o jurnalı göstərə də bilərəm. Bəlkə inəklər də elə həmin inəklərdir.

Həmin inəklər demiş, görəsən bu inəkləri “qanunu pozduqlarına” görə niyə “cərimələmirlər”? Axı parklarda, istirahət yerlərində iri və xırdabuynuzlu mal-qaranın otarılması və ya sahibsiz otlaması, həmçinin itlərin xaltasız və ağızlıqsız gəzdirilməsi zamanı cərimələrin artırılması ilə bağlı qanun layihəsi parlamentə yenicə təqdim olundu. Yəni parklara, meydanlara, çimərliklərə inək, qoyun, keçi (Qoçu Əsgərin qulağından iraq) nəzarətli və ya nəzarətsiz buraxılarsa sahibi 100 lari dəyərində cərimələnəcək, bu da indiki qiymətlə əlli litr su qatılmamış xalis süd deməkdir. Yəqin bu qayda Qardabaninin inəklərinə, qoyunlarına, keçilərinə aid deyil, ya da Qoçu Əsgərin bazarı bir-birinə qatıb səs-küy salmasından qorxaraq hamı susur, yoxsa parklarda oynayan uşaqlardan tutmuş mərkəzi yolla hərəkət edən maşınlara qədər maneə və təhlükə törədən bu inəkləri çoxdan naxıra yollamışdılar...

Bir də ki, inəkdi da, otlayıb çıxıb gedəcək, kaş dərdimiz inək olaydı. Ətini, südünü, qaymağını, pendirini yeyəndə yaxşıdırmı. “Zato” sən də bahalı dekorativ kolları, ağacları yeyən inəyin ətini, südünü, qaymağını, pendirini yeyirsən, yəni bu baha başa gələn ət, süd, qaymaq, pendir yeməklə sən də inəklə bir növ suç ortağı olursan. Yaxşısı budur, sus, yoxsa inəyin sahibinin əvəzinə səni cərimələyərlər...

Yazın oğlan çağı idi. Virtuallıqdan çıxıb bir az reallıqda istirahət etmək üçün mərkəzi parka getdim. Azyaşlı uşaqların gülüşlərinin səsi, yaşıllıq insanın gözünü, qulağını oxşayırdı. Uzun yamyaşıl otlar elə gözəl düzülmüşdülər ki, ayaqlamağa adamın ayağı gəlmirdi. Skamyada oturub yellənçəkdə bir-birini yelləyən uşaqlara baxırdım. Birdən beş-altı inək özünü parka verərək hürkmüş halda oyan-buyana qaçmağa başladı, itlər də hürə-hürə inəklərin dalıyca qaçırdılar. Yaxşı ki, uşaqların valideynləri yanlarında idi, yoxsa gözləri qızmış, hürkmüş inəklərin ayaqları altında qalacaqdılar. Valideynlər tez itləri və inəkləri parkdan qovdular. Uşaqların gülüşündən heç nə qalmamışdı, hamısı ağlaşırdı; yamyaşıl otlar isə inəklərin dırnaqları altında torpağa qarışmışdı...

O inəklər hələ də şəhərin parklarında, yollarında istədikləri kimi gəzirlər. Görəsən, Yaponiyada da sakuranı inəklər yeyirmi, itlər sakura ağacının dibində çuxur qazıb içində yatırlarmı. Görəsən, harınlamış bu inəklər kimisə öldürməmiş, əzməmiş, zibilə salmamış onları buruntaqlayacaq kimsə ortaya çıxacaqmı? Yoxsa Qoçu Əsgərin meydanda keçi oynatdığı zaman hələ bitməyimbi?..

Eh... asma kriptovalyutalar, “NFT”, virtual daşınmaz əmlak, virtual torpaq alqı-satqısı haqqında oxuduğum məlumatları bölüşəcəkdim. Qorxuram bu inəklər virtual parklarımıza, əkinlərimizə də soxulalar.

Müəllif: Azər Musaoğlu
Mənbə: yeniyol.ge
Print Email
FaceBook Twitter Google