İrma Zarkua Samirə Bayramovaya və on nəfərə yaxın şəxsə qarşı hüquq-mühafizə orqanlarına müraciət edib
Marneuli meriyasının 2 iyul tarixində Marneuli bazarı ərazisində “Evə -Avropaya doğru” kampaniyası çərçivəsində bukletlərin paylanması aksiyasına gedərək iştirakçıları təhqir edən əməkdaşı İrma Zarkua Marneulili mülki fəal Samirə Bayramovaya və daha on nəfərə yaxın şəxsə qarşı hüquq-mühafizə orqanlarına müraciət edib.

İrma Zarkua “Marneuli” radiosuna müsahibə verməkdən imtina etdi.

“Şəxsən mənim sizin hansısa sualınızı cavablandırmaq öhdəliyim yoxdur. Vaxtı gələndə hər şeyi öyrənəcəksiniz. Məndən heç nə öyrənə bilməyəcəksiniz, çünki sizin televiziyanıza və rəhbərliyinizə etibar etmirəm”,
- İrma Zarkua “Marneuli” radiosunun jurnalisti ilə söhbət zamanı bildirib.

“Gürcü Arzusu”-nun dəstəkçisi, Marneuli meriyasının əməkdaşı İrma Zarkua “Marneuli” radiosundan fərqli olaraq, “İmedi” kanalına müsahibə verib. İmedi kanalında yayımlanmış süjetdə Zarkua bildirir ki, 2 iyul aksiyasından sonra Samirə Bayramova və onun yaxın adamları, Zarkuaya hədə məzmunlu, təhqiredici məktublar yazıblar. Buna görə də o, hüquq-nühafizə orqanlarına müraciət edib.

“Şənbə günü Marneulidə təsadüfən Samirə Bayramova ilə qarşılaşdım. O, məzmunu mənə aydın olmayan bukletlər paylayırdı. Onunla mübahisə etdim və o, əli ilə mənə toxundu və iki dəfə mənə əl vurdu, bunu təsdiq edən videolar da var. Bundan sonra sosial şəbəkələrdə qısnama həyata keçirilir. Eləcə də təhqiredici mesajlar göndərirlər. Məhz bununla əlaqədar polisə gedirəm. Dövlət məmuruyam, ancaq bu söhbət qeyri-iş saatında olub, mən qanunu pozmurdum. Mənə qarşı şantaj aparılır və psixoloji təzyiq göstərilir. Ona görə də mən onu polisə şikayət edəcəyəm”, - Zarkua “İmedi” kanalına verdiyi müsahibəsində bildirib.

Mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hüquq-mühafizə orqanl nümayəndələri hələ ki onunla əlaqə saxlamayıblar. Ona görə də Zarkuanın polisə konkret olaraq hansı məsələ ilə əlaqədar müraciət etdiyini bilmir.

“Yalnız mediaya verdi müsahibədən məlumat aldım, yəqin tezliklə mənə də aydın olacaq. Qeyd etdiyim kimi, 2 iyul hadisələrindən sonra şikayət verməyə qərar vermişdim. Çünki mənə özümü ifadə etməkdə və söz azadlığında mane olub. Onların üzündən Marneuli bazarında planlaşdırılmış görüşü sona qədər davam etdirə bilmədik. Həmçinin, bu adamlar tərəfindən psixoloji və şifahi təhqirin qurbanı olduq. Amma mən bunların hamısına baxmayaraq, qadın həmrəyliyi göstərdim və ərizə vermədim. Buna baxmayaraq, İrma Zarkua məni təhqir etməyə başladı, artıq şəxsi faciəmlə mənim alçaltmaq istəyirdi. Ondan sonra qərar verdim ki, bu adamı şikayət edim. O, bu məsələ ilə bağlı mənim şərhimə baxdıqdan sonra qərar verib ki, özü də polisə müraciət etsin. Mənim müsahibəm “İmedinin” efirində yayımlandı və bir saatdan sonra həmin kanalda Zarkuanın bizi şikayət etdiyini bildirdilər”, - Samirə Bayramova bildirdi.

Samirə Bayramovanın sözlərinə görə, o, mütləq İrma Zarkuaya qarşı hüquq-mühafizə orqanıarına müraciət etməyi düşünür. 2 iyul aksiyasının təşkilatçıları isə ümumi şikayətlə polis orqanına müraciət etməyi düşünürlər.

“Marneuli” radiosu hansı maddəyə əsasən istintaq aparıldığı barədə Daxili İşlər Nazirliyindən cavab gözləyir. Məlumat aldıqdan sonra material yenilənəcək.

Qeyd edək ki, “Evə - Avropaya doğru” hərəkatı 2 iyul tarixində Marneuli bazarı ərazisində əhali ilə görüşüb və bukletlər paylayırdı. Fəal vətəndaşlar yerli sakinlərlə Avropa dəyərlərindən və Gürcüstanın Avropa İttifaqına namizədlik statusu qazanması üçün atmalı olduğu addımlar barədə danışıblar. Bu prosesdə özünüidarə nümayəndələri mülki fəallara mane olublar.

Print Email
FaceBook Twitter Google