Əli Əliyevin fikiri və əməlləri Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini əks etdirmir – İdarənin mətbuat xidməti
31 oktyabr tarixində, Marneulidə Fələstinə dəstək aksiyası zamanı hamıya aydın idi ki, ilk olaraq Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Əli Əliyev çıxış edəcəkdi. Həmin təşkilat tərəfindən sonradan verilən məlumata görə, Əli Əliyev 2023-cü ilin yanvar ayından Gürcüstan nümayəndəsi vəzifəsindən azad edilib. Buna səbəb olaraq isə təşkilatla onun baxışlarının uyğun gəlməməsi qeyd olundu.

“Marneuli” radiosu aksiya keçirilən gün Əli Əliyevlə əlaqə saxladı. O, müxtəlif səbəblər qeyd edərək şərh vermək istəmədiyini bildirdi. Yenidən əlaqə saxlamaq cəhdlərimizə baxmayaraq zənglərə cavab vermirdi.

Əli Əliyev Marneulidə keçirilən aksiyada çıxışı zamanı Gürcüstanın tərəfdaş ölkələrini, Amerika Birləşmiş Ştatları, İngiltərə, Avropa İttifaqı və Şimali Atlantika Alyansını terroçu olaraq qeyd edib. Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəinin nümayəndəsi telefon söhbəti zamanı qeyd etdi ki, Əli Əliyev yanvar ayından onların təşkilatında işləmir.

“Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023-cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb. Onun hər hansı fikiri və əməlləri idarəmizin mövqeyini əks etdirmir”, – Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi bildirib.

Marneulidə Fələstinə dəstək aksiyası zamanı Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı keçmiş nümayəndəsi Əli Əliyev aksiya iştirakçılarına müraciət edib. Əliyev öz müraciətində İsrail, ABŞ, Almaniya, İtaliya, Fransa, Britaniya, NATO və Avropa İttifaqına üzv olan ölkələri tənqid edib və terrorçu dövlətlər adlandırıb.

“Əziz xanımlar və ağalar, hamınıza bu dəvəti qəbul edib tədbirə gəldiyiniz üçün təşəkkür edirəm. Əsas o deyil ki, sayımız azdır, əsas odur ki, daxili narahatçılığımızı demək üçün toplaşmışıq, bu çox mühümdür. Artıq üçüncü həftədir ki, hamımız sionist İsrail rejimi tərəfindən Qəzzada törədilmiş cinayətin şahidi oluruq. Amma bu yalnız indi baş vermir. Bunu dünyanın bir nömrəli terrorçu ölkəsi ABŞ, Avropa ölkələri, NATO, Almaniya, İtaliya, Fransa, İngiltərə yalnız Fələstində, Qəzzada deyil, illərdir İraq, Ərəbistan, Suriya, Yəmən, Liviyada da həyata keçirirlər. Biz müsəlmanlar hamımız bilməliyik ki, bunu niyə edirlər. Onlar dünyanın ən güclü və yaramaz terroristləridirlər. Başqa ölkələrdə nə isə baş verəndə səslərini çıxarırlar. Bu gün dünyanın nizamı, sistemi dəyişib. Allah Qəzzada yaşayan əhaliyə mübarizə üçün güc versin, belə də davam etsinlər. Biz bir şeyi bilməliyik, hər bir müsəlman üçün 2 məscid mühümdür. Qüds nə zaman azad olacaqsa, 12-ci imam yer üzünə o zaman zühur edəcək və ədalət bərpa olunacaq. Müsəlmanlar əlimizdən gələn hər şeyi etməliyik, bəzisi sözü, bəzisi yazısı ilə etməlidir. Təəccüb edirəm, bugünkü aksiyanı müxtəlif ölkələrlə əlaqələndirmək ağılsızlıqdır. Bu bizim daxili narahatçılığımızdır və sözümüz demək üçün toplaşmışıq. Amerika, İsrail rejimi məğlubiyyətini qəbul etmir. Bunlar kiçik ölkələrə güclü olduqlarını göstərirdilər və onların gücünə artıq heç kim inanmır. Dünya öyrəndi ki, onlar gücsüz, qorxaqdırlar. Bir neçə gün əvvəl Bayden, məni bağışlayın, o, qoca kaftar, imperializmin başçısı, dünyada müsəlmanların qətliamına əl qoymuş şəxsdir. Eləcə də Avropa ölkələri, NATO-ya üzv ölkələrin də bunda əli var. Bayden deyib ki, biz Rusiya və Qəzzada qalib gəlmişik. Mən isə deyirəm ki, qələt etmisiniz. Siz qalib gəlməmisiniz, gələ də bilməyəcəskiniz. Məğlub olubsunuz, olacaqsınız da. İslam qüvvələri həmişə qalib gəlib, belə da olacaq. Bir daha burada iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm”, – Əli Əliyev bildirib.

Əliyev çıxışını ABŞ prezidenti Co Bayden haqqında danışaraq başa vurub və bildirib ki, ABŞ Rusiya və Qəzza ilə mübarizədə uduzub. Əli Əliyev həmçinin, qeyd edib ki, bugünkü aksiyanın başqa dövlətlərlə heç bir əlaqəsi yoxdur və o yerlilər tərəfindən təşkil olunub. Məqsəd isə yalnız Fələstinə dəstək nümayiş etdirməkdir.

Qeyd edək ki, çıxışlardan sonra aksiya iştirakçıları Marneuli meriyası istiqamətində yürüş ediblər.

Qeyd edək ki, Əli Əliyev 27 il ərzində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan üzrə nümayəndəsi vəzifəsini tutub.


Print Email
FaceBook Twitter Google