Moskvada konsert zalında atışma: Ölənlərin sayı artdı
Moskvada “Crocus City Hall” klubunda “Piknik” qrupunun konsertindən əvvəl atışma baş verib, ölən və yaralananlar var. Bu barədə “Diqqət, Xəbər”, Mash və Baza teleqram kanalları məlumat verib.

Naməlum şəxs avtomat silahdan atəş açıb. Baza-nın məlumatına görə, 12 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb. RİA Novosti bildirir ki, klubda kamuflyaj geyimdə olan üç nəfər atəş açıb.



Daha sonra Azadlıq radiosu əməliyyat xronikaları üzrə ixtisaslaşmış 112-ci kanala istinad edərək 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını bildirib. Qurbanların sayının artacağı ehtimal edilir. Yanğın nəticəsində onlarla insanın çıxışdan məhrum edildiyi barədə də xəbərlər var.


“Yuxarıda oturmuşduq, sonra atışma səsi eşitdik, aşağıya doğru hərəkət etməyə başladıq, lakin başa düşdük ki, aşağıda da atəş açılır. Onlar hər tərəfdən, sadəcə, hər yerdən atəş açırdılar. Biz yerə uzandıq, sonra gördük ki, insanlar birtəhər eskalatordan aşağı qaçır. Biz onların arxasınca qaçdıq. Bir qız yerdə uzanmışdı, o, ölmüşdü" - deyə, Diqqət Xəbər hadisə şahidindən sitat gətirib.

TASS xəbər agentliyi insanların təxliyə edildiyini yazıb. Şahidlər həmçinin Crocus City Hall-da partlayış olduğunu bildirib. Agentliyin məlumatına görə, musiqiçilər xəsarət almayıb. RusNews agentliyi xəbər verir ki, partlayış və yanğın nəticəsində klubun damı uçmağa başlayıb. Baza-nın məlumatına görə, klub binasında 100-dən çox insan ilişib qalıb.
Moskva SOBR və OMON-un əməkdaşlarına xəbərdarlıq edilib və onlar Crocus City Hall-a yollanıb. Moskva qubernatoru Andrey Vorobyev də hadisə yerinə yola düşüb.



“Operativ qərargah yaradılıb. Bütün təfərrüatlar sonra gələcək,” Vorobyev Telegram kanalında yazıb.

“Moskva” agentliyi xəbər verir ki, artıq hadisə yerinə iki Ka-32 helikopteri göndərilib.

Moskva vilayətinin Səhiyyə nazirliyindən bildirilib ki, zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerinə 50-dən çox təcili yardım briqadası göndərilib.

Eyni zamanda, hazırda Moskvada mobil rabitənin zəif olduğuna dair məlumatlar var.


Print Email
FaceBook Twitter Google