Tbilisi zooparkına beş zürafə gətiriləcək. Bu barədə “Business
Morning”ə zooparkın direktoru Zurab Qurielidze məlumat verib.
Qurielidzenin sözlərinə görə, zürafələr üçün lazımi infrastrukturun
təşkili demək olar ki, başa çatıb və zooparkın əməkdaşları da
müvafiq hazırlıq kursunu keçiblər.
“Zürafələrin gətirilməsinin qayğısına qalırıq, çünki
onları mağazadan almaq olmaz, onlar haradasa doğulmalı, müəyyən
yaşa çatmalıdırlar, sonra daşınması çətin və baha başa gəlir. Ən
azı beş zürafə olacaq. Heyvanın özünə gəlincə, Tbilisi dəniz
zooparkı artıq Avropa Akvariumlar və Zooparklar Assosiasiyasının
üzvüdür, bu o deməkdir ki, bizim müvafiq məsləhətçilərimiz və yaxşı
təlim keçmiş baxıcılarımız olacaq. Bu məqsədlə onlar ötən il artıq
müvafiq təlim keçiblər, çünki zürafələr xüsusi heyvanlardır və
ümumilikdə iri heyvanlarla ünsiyyət qurmaq çətindir, kərgədanlar,
begemotlar onların yanında olacaq. Onlar artıq Hollandiyada təlim
keçiblər və bu il də bu proses davam edəcək. İki nəfər baytar
həkimimiz Cənubi Afrikaya gedəcək ki, orada bu prosesi daha yaxşı
öyrənsin”, – Qurielidze bildirib.
Qurielidze zürafələrin hansı ölkədən gətiriləcəyini açıqlamayıb,
onun sözlərinə görə, qərar sentyabrda açıqlanacaq.